ABŞ və İran arasında davam edən münaqişə nəticəsində fevralın 28-dən bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub.
APA xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) məlumat yayıb.
Təşkilatın məlumatına görə, sonuncu qurban noyabrın 5-də Hörmüz boğazında hücuma məruz qalan “Velos Sapphire” tankerinin dənizçisi olub. Fevralın sonundan bəri regionda ticarət gəmilərinə hücumların sayı 130-a çatıb, minlərlə dənizçi isə Fars körfəzində blokadada qalıb.
IMO-nun baş katibi Arseno Dominqes bildirib ki, dənizçilər hücumlar nəticəsində həlak olur, yaralanır, ərzaq, su və tibbi yardım çatışmazlığı ilə üzləşirlər.
Təşkilatın üzvləri dövlətləri dənizçilərin və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təhdid edən qanunsuz hərəkətlərdən çəkinməyə çağırıblar.
IMO böhranın humanitar nəticələrini azaltmaq və yeni insan itkilərinin qarşısını almaq üçün əlavə tədbirlər hazırlayacaq.