Ədalət və İnkişaf Partiyasının V qurultayı başlayıb - FOTO - VİDEO

Ədalət və İnkişaf Partiyasının V qurultayı başlayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2015 10:45 (UTC +04:00)

APA-nın qurultayın gedişini izləyən Türkiyə müxbirinin məlumatına görə, əvvəlcə AKP-nin yaranmasını və 13 illik iqtidarını əks etdirən videoçarx nümayiş etdirilib. AKP-nin qurucu lideri və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film göstərilib. Gənclər “Ya Allah, bismillah, Allahu əkbər!”, “Zəfər islamındır!” və digər şüarlar səsləndiriblər.

AKP sədri və baş nazir Əhməd Davudoğlu salona gəlməzdən əvvəl binanın qarşısındakı AKP üzv və tərəfdarlarına müraciət edib. İqtidara xaricdən və daxildən müxtəlif metodlarla əngəllər yaradıldığını söyləyən Ə. Davudoğlu, “Millət buna ən yaxşı cavabı 1 noyabrdakı seçkidə Ak Parti bayrağını yenidən iqtidara dikərək verəcək”, - deyə vurğulayıb. Daha sonra salona daxil olan Əhməd Davudoğu xanımı ilə birlikdə qurultay nümayəndələrini salamlayıb.

AKP sədrinin təşkilatlara cavabdeh müavini Süleyman Soylu 1275 nümayəndənin iştirak etdiyi qurultayı açıq elan edib: “Ak Parti qurultaylarının həmişə bir vəzifəsi olub. Bugünkü qurultayın bəşəri qurultay olduğunu da beynəlxalq ictimaiyyət yaxşı bilir. Partiyamızın qurucusu və prezidentimiz Rəcəb Tayyib Ərdoğana bu böyük ailəni bir araya gətirdiyinə görə, təşəkkür edirik”.

7 iyundakı seçkinin tamamlanmadığını deyən S. Soylu xalqın iradəsi ilə seçkinin 1 noyabrda tamamlanacağını bildirib. O, daha sonra qurultay sədarətinin seçilməsi üçün gələn təklifi oxuyub. Təklifi AKP lideri və baş nazir Əhməd Davudoğlu, Mərkəzi Qərar və İdarə Şurasının üzvləri və 81 vilayətin təşkilat sədrləri imzalayıblar. Təklifin səsə qoyulmasından sonra keçmiş ədliyyə naziri Bəkir Bozdağ qurultayı idarə edəcək heyətə sədr seçilib. Sədarətə seçilənlər arasında bir neçə gün əvvəl “Hürriyet” qəzetinə edilmiş hücumları dəstəkləyən İstanbul millət vəkili Əbdürrəhman Boynuqalın da var.

Qurultayda AKP-nin qurucularından biri olan Türkiyənin 11-ci prezidenti Abdulla Gülün mesajı oxunub. Türkiyənin demokratiyaya keçməsində AKP-nin önəmli rol oynadığına diqqəti cəlb edən A. Gül bu partiyanın bölgə ölkələri üçün ilham mənbəyi olduğunu vurğulayıb.

Bəzi partiyalardan nümayəndələrin də iştirak etdiyi qurultaya göndərilən mesajlar arasında dini təhsil verən mərkəzlərin, dərnəklərin, vəqflərin mesajları üstünlük təşkil edib.

Azərbaycan nümayəndə heyəti - Milli Məclisin sədr müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Sevinc Hüseynova, millət vəkilləri Məlahət İbrahimqızı və Ayaz Əfəndiyev qurultayın qonaqları arasındadır.

İraq Türkmən Cəbhəsi başqanı, millət vəkili Ərşad Salehi başqanlığındakı heyət də tədbirə qatılıb. HAMAS lideri Xalid Məşəlin adı oxunarkən salondan alqış səsləri yüksəlib. Qurultayda İraqı ölkənin sünni hərəkatlarının nümayəndələri təmsil edirlər.

Terrora qarşı mübarizə davam etdiyinə görə və şəhidlərin ruhuna sayğı əlaməti olaraq Ə. Davudoğlunun təlimatı ilə salonda musiqi səsləndirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR