ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qurumun rəhbəri Keş Patelin Rusiyaya gəlməsi barədə məlumatı təkzib edib.
APA xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat verilib.
““MS NOW” telekanalının məlumatına görə, iki mənbə Keş Patelin indicə Rusiyaya uçduğunu bildirib. Keş Patel əslində buradadır. O, Virciniya ştatındakı Liberti Universitetində hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür tədbirində iştirak edir. “MS NOW”un mənbələri heç nədən xəbərdar deyil!”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl “MS NOW” telekanalı öz mənbələrinə istinadən Patelin danışıqlarda iştirak etmək üçün Rusiyaya getdiyini iddia etmişdi.
***
20:33
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel danışıqlarda iştirak etmək üçün Rusiyaya gəlib.
Bu barədə “MS NOW” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, səfər iki gün davam edəcək. Bu müddətdə Patel Moskva və Sankt-Peterburq şəhərlərində olacaq. Telekanalın qeyd etdiyinə görə, FTB rəhbəri 2013-cü ildən bəri ilk dəfə Rusiyaya səfər edir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Patelın Moskvaya mümkün səfəri ilə bağlı mediada yayılan məlumatlara dair deyəcək bir sözünün olmadığını bildirmişdi, belə səfərlərin demək olar ki, heç vaxt əvvəlcədən elan edilmədiyini demişdi.