Avropa Azərbaycan Məktəbinin məzunlarının hamısı yüksək göstəricilərlə ali məktəblərə daxil olublar

Avropa Azərbaycan Məktəbinin məzunlarının hamısı yüksək göstəricilərlə ali məktəblərə daxil olublar
# 18 avqust 2015 09:17 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, məktəbin məzunlarından 3 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Məzunlardan Məmmədova Günay (III qrup, 680 bal) Azərbaycan Diplomatik Akademiyasının dövlət və ictimai münasibətlər fakültəsinə, Zeynallı Murad (II qrup, 677 bal) Azərbaycan Diplomatik Akademiyasının iqtisadiyyat fakültəsinə, Quliyeva Əsmər (III qrup, 667 bal) Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olublar. Sevindirici haldır ki, Avropa Azərbaycan Məktəbinin sözügedən məzunlarından ikisi orta təhsillərini qızıl medalla başa vurublar. Belə ki, ümumtəhsil məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 7 avqust 2015-ci il tarixli əmrinə əsasən XI sinif məzunları Məmmədova Günay və Quliyeva Əsmər qızıl medalla təltif olunublar.


Qeyd edək ki, bu ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Növbəti tədris ilindən məktəbdə İB Diplom Proqramının tədrisinə başlanacaq.

Məlumat üçün bildirək ki, Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. İB diplomunu almış hər bir şəxs xarici universitetlərə qəbul imtahanı vermədən daxil ola bilər. İB diplomunu yalnız Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil vermək hüququ qazanmış məktəblər verə bilərlər.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmiş, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR