Sabiq deputatın oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsinə şahid məcburi gətiriləcək

Sabiq deputatın oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsinə şahid məcburi gətiriləcək
# 09 mart 2018 08:58 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda şahid qismində Gülər Ələkbərova ifadə verib. Rövşən Heybətovu tanıdığını deyən G. Ələkbərova bildirib ki, "Zaminbank"da çalışıb: "Rövşən Heybətov bir nəfərlə gəlmişdi və Türkiyəyə pul göndərmək istəyirdi. Lakin sənədləri qaydasında olmadığı üçün pulu göndərə bilmədik. O da sabah gətirəcəyini dedi. Ancaq sənədləri gətirmədiyi üçün əməliyyat icra olunmadı".

Zərərçəkmiş Elnur Məmmədov isə şahidin bəzi məsələləri düzgün danışmadığını, həmin xanımın vasitəsilə Rövşən Heybətova 100 min dollar göndərdiyini deyib.

G. Ələkbərova onun dediklərini təkzib edib.

Rövşən Heybətov isə Türkiyədən bankdan Elnur Məmmədovun göndərdiyi pulu aldığını deyib.

İclasda məlum olub ki, şahidlərdən Nadir İsmayılov məhkəməyə çağırılsa da, gəlməyib. Hakim onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses bununla bağlı martın 14-dək təxirə salınıb

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR