Zərərçəkmiş polis mayoru məhkəmədə ifadə verib

Zərərçəkmiş polis mayoru məhkəmədə ifadə verib
# 04 aprel 2017 11:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən polis mayoru Namiq Abdullayev ifadə verib.

O, hadisənin kafedə mübahisə zəminində baş verdiyini deyib. Onun sözlərinə görə, kafedə olarkən təqsirləndirilən Ə. Məhərrəmov onun dostu Kamillə mübahisə edib: "Onu təhqir edirdi, pul istəyirdi. Mən də Əhmədyara yaxınlaşıb polis olduğumu dedim. Əhmədyarı əmrə tabe olmadığı üçün polisə aparmaq istəyəndə onun dostu Əli məni söydü və onlar hər ikisi məni vurmağa başladı. Qarın nahiyəmdən qan axdığını gördüm. Əli Həsənovun əlində bıçaq vardı. Onlar qaçdılar. Sonra taksi sürücüsü məni xəstəxanaya apardı".

N. Abdullayev məhkəmədə təqsirləndirilən şəxsləri bağışladığını deyib.

Proses aprelin 11-də davam etdiriləcək.

Hadisə ötən ilin noyabr ayında Nərimanov rayonunda yerləşən kafelərdən birində baş verib. Məlumata görə, 1979-cu il təvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Daha sonra Ə.Məhərrəmovun tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. A.Cəbrayılov və K.Məsimov da davaya qoşulub. Onlar bıçaqla dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onları xilas etmək mümkün olub.

N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsinin əməkdaşı, mayordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR