Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.
APA-nın yerli bürosu Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək. İştirakçı ölkələr Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistandır.
Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.
Qeyd edək ki, “Etibarlı tərəfdaş” hərbi təlimləri Gürcüstanda 4-cü dəfədir ki, keçiriləcək. Builki təlimlər əvvəlkilərə nisbətən daha geniş miqyaslı olacaq. Hərbi təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.