AZAL bu il 2 milyondan çox sərnişinə xidmət göstərib

AZAL bu il 2 milyondan çox sərnişinə xidmət göstərib
# 07 avqust 2017 14:56 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-avqust ayları ərzində təxminən 2,2 mln. sərnişinə xidmət göstərib ki, bu da öncəki illərin göstəricilərindən 30% çoxdur. Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,25 mln. sərnişin düşüb ki, bunun da 329 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85%-i beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,6%-i AZAL-ın, 50,4%-i xarici aviadaşıyıcıların payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb.

Cari ilin sentyabr ayından Azərbaycan ilk lou-kosteri “Buta Airways” uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR