Azərbaycanda bazalt lifindən tikinti sektorunda istifadə olunması təklif edilir

Azərbaycanda bazalt lifindən tikinti sektorunda istifadə olunması təklif edilir
# 28 noyabr 2016 12:21 (UTC +04:00)

“Respublikada kaynotip bazalt lavaları, örtükləri geniş yayılıb. Lerik-Astara zonasında bu xammalın çıxışları mövcuddur və tikinti materialı kimi bəzilərinin hətta ehtiyatları da hesablanıb”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin nəzdindəki Mineral-Xammal Elmi Tədqiqat İnstitutunun direktor müavini Ələmdar Piriyev deyib. O bildirib ki, Lerik-Astara zonasında inkişaf etmiş bazalt süxurların texnoloji xüsusiyyətlərinin öyrənilməsi, gələcəkdə hansısa iri şirkətlərin bazasında bazalt liflərinin alınması və ondan xalq təsərrüfatında, tikinti sektorunda geniş istifadə olunan materialların istehsalı üçün zavodların tikilməsinə stimul yarada bilər: “Bu, respublika əhəmiyyətli ucuz və ekoloji təmiz materialların əldə olunması deməkdir. Hələ keçən əsrin 70-80-ci illərində Kəlbəcər, Laçın, Lerik-Astara zonalarında sınaqlar götürülüb, bazalt süxurlarının bəzi texnoloji parametrləri və kimyəvi tərkibləri müəyyən edilib. Alınmış nəticələrə görə respublika bazaltlarından liflər almaq mümkündür”.

Ə. Piriyevin sözlərinə görə, ölkədə tikinti sektoru, yol infrastrukturu geniş vüsət aldığından dəmir-polad istehsalına tələbat həddən artıq artıb: “Əgər bazalt liflərinə maraq göstərən hər hansı şirkət və ya şirkətlər qrupu olarsa, respublika ərazisindəki bazalt çıxışlarının texnoloji xüsusiyyətləri bizim institut tərəfindən öyrənilə bilər. Buna həm maddi-texniki bazamız, həm də kadr potensialımız imkan verir”.

Alim deyib ki, bazalt liflərindən hazırlanmış pəncərələr adi pəncələrdən 12% çox işıq buraxır: "İşıq dirəkləri uzunmüddətli, iqtisadi cəhətdən sərfəli olmaqla bərabər, metal analoqlarından 3 dəfə yüngüldür. O, həm də vurulmaya maksim dözümlüdür, hadisə zamanı deformasiya yaradır və nəqliyyat vasitələrinə, sürücülərə ciddi xəsarət dəymir. Bir sıra xüsusiyyətlərinə görə tikintidə istifadə olunan bazalt liflərindən hazırlanmış kompozit döşəmə torları öz polad alternativlərindən xeyli fərqlənir. Onlar turşuya, qələvilərə, korroziyaya dözümlüdür, yaşayış binalarında istilik effektivliyini artırır. Beton konstruksiya pozularsa, bu döşəmə torları öz formasını saxlayır və binanın daha çox dağılıb parçalanmasının qarşısı alınır. Ümumiyyətlə, dünya təcrübəsi onu göstərir ki, bazalt liflərindən hazırlanmış materiallar aviasiyada, raket texnikasında, tikinti sənayesində, energetikada, kommunal təsərrüfatlarında və digər təsərrüfat sahələrində geniş istifadə olunur. Bu liflərdən hazırlanan məhsullar həm ekoloji təmiz hesab olunur və həm də iqtisadi cəhətdən səmərəlidir”.

Ə. Piriyev onu da əlavə edib ki, bazalt dağ süxuru vulkan boğazlarında + 1000 C-dən yuxarı temperaturda qaynayaraq yer səthinə lava axımı və örtük formasında yayılaraq kristallaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR