Gürcüstanda ikinci tur və təkrar səsvermənin keçiriləcəyi dairə və məntəqələr açıqlanıb

Gürcüstanda ikinci tur və təkrar səsvermənin keçiriləcəyi dairə və məntəqələr açıqlanıb
# 19 oktyabr 2016 15:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, MSK ikinci turun keçiriləcəyi seçki dairələrinin, təkrar səsvermə keçiriləcək seçki məntəqələrinin sayını və səsvermənin vaxtını müəyyən edib.

Seçkilərin 2-ci turu oktyabrın 30-da 48 majoritar seçki dairəsində keçiriləcək. Oktyabrın 22-də isə 2 seçki dairəsinin 4 seçki məntəqəsində təkrar səsvermə olacaq. Marneulidəki 36 saylı seçki dairəsinin Qızılhacılı kəndində yerləşən 48 saylı seçki məntəqəsində və Zuqdidi rayonundakı 66 saylı seçki dairəsinin 3 seçki məntəqəsində təkrar səsvermə nəticəsində qalib müəyyənləşməsə, həmin dairələrdə də ayın 30-da 2-ci tur keçiriləcək. Dairələrin böyük əksəriyyətində hakimiyyətdəki “Gürcü Arzusu” və əsas müxalif qüvvə olan Vahid Milli Hərəkat Partiyasının namizədləri mübarizə aparır.

Qeyd edək ki, oktyabrın 8-də keçirilən seçkilərdə “Gürcü Arzusu” 67 mandat, Vahid Milli Hərəkat Partiyası 27 mandat, “Vətənpərvərlər İttifaqı” isə 6 mandat qazanıb. Hakim partiya daha 46 dairədə qalib gələrsə, yeni parlamentdə konstitusion çoxluq (113 yer) əldə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR