Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Azərbaycanda səfərdədir

Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Azərbaycanda səfərdədir
# 07 mart 2018 11:51 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, BMqT baş direktorunun müavini Laura Tomson bu gün DMX-də olub.

DMX rəisi Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatı ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında da geniş məlumat verib. Bildirib ki, DMX fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq, aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət “bir pəncərə” prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyat keçirir.

Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən danışan Xidmət rəisi məlumat verib ki, Azərbaycanda 2013-cü ildə qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin layihəsi hazırlanarkən Beynəlxalq Miq­ra­siya Təşkilatı ilə əməkdaşlıq edilib və eyni zamanda, qeyri-hökumət təşkilatları ilə keçirilmiş görüşlərdə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində onlar tərəfindən verilən təkliflər nəzərə alınıb.

F.Nəbiyev bu gün ölkəmizin turizm sektorunda yüksəliş dövrünü yaşadığ, respublikaya gələn turistlərə 3 saat ərzində viza verilməsi imkanlarının yaradıldığı və nəticədə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayının ildən-ilə əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Azərbaycana gələn əcnəbilərin sayının artması ölkəmizi son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevirib deyən F.Nəbiyev ölkəmizdə əcnəbilərin miqrasiya ilə bağlı qeydiyyat prosedurlarının sadələşdirildiyinə konkret faktlarla diqqət çəkib.

BMqT ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Xidmət rəisi baş direktor U.L.Svinqin 2015-ci ilin sentyabr ayında Azərbaycana uğurlu səfərinin bu əməkdaşlığa təkan verdiyini vurğulayıb. Qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. Hazırda, DMX ilə BMqT-nin ölkəmizdəki nümayəndəliyi bir neçə birgə layihə həyata keçirir. Bunlardan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, “Azərbaycanda insan alveri qurbanları və potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi üçün potensialların gücləndirilməsi – VI faza”, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması layihəsi” və “Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihə misal olaraq göstərilib. Xidmət rəisi deyib ki, DMX BMqT ilə yüksək səviyyədə olan uğurlu əməkdaşlığını bundan sonra da inkişaf etdirəcək.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələrlə icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrası istiqamətində görülən işlərdən söhbət açılıb. Readmissiyası sazişi çərçivəsində Aİ üzvü olan dövlətlərlə icra protokollarının razılaşdırılması və imzalanması işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Laura Tomson səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR