İraq Türkiyə və İranın dəstəyilə 4 sərhəd-keçid məntəqəsinə nəzarəti təmin edəcək

İraq Türkiyə və İranın dəstəyilə 4 sərhəd-keçid məntəqəsinə nəzarəti təmin edəcək
# 01 oktyabr 2017 11:15 (UTC +04:00)

İraq yaxın günlərdə Türkiyə və İran ordularının da dəstəyi ilə Şimali İraq Kürdüstan Muxtariyyətinin nəzarətindəki 4 sərhəd keçid məntəqəsini geri almağa hazırlaşır.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, İraq hökuməti bununla bağlı Türkiyə və İrana müraciət edib.

Hazırda İraq xüsusi təyinatlıları Silopidə Habur sərhəd-keçid məntəqəsi yaxınlığında Türkiyə hərbçiləri ilə birgə hərbi təlim keçir. İraq xüsusi təyinatlılarının Habur sərhəd-keçid məntəqəsinə nəzarəti təmin etmək üçün keçirəcəyi əməliyyata Türkiyə hərbçiləri də dəstək verəcək.

Bu gün İran da İraqın bu yöndə istəyinə müsbət cavab verib. Bu gün Tehranda İraq Silahlı Qüvvələrinin komandanlarının toplantısı keçirilib. APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, toplantıdan sonra İraq Silahlı Qüvvələrinin sözçüsü general Cezairi bildirib ki, İraq hökumətinin müraciəti müzakirə edilib və İraq hərbçilərinin İraq-İran sərhədində yerləşən 3 sərhəd keçid məntəqəsində yerləşdirilməsinin həyata keçirilməsi üçün lazımi qərarlar qəbul edilib. Eyni zamanda yaxın günlərdə İran-İraq sərhədində birgə hərbi təlimlərə başlanacağı da açıqlanıb.

Qeyd edək ki, İraqın İranla sərhəddə yerləşən Hacı Omeran-Temerçin, Başmak və Peravizhan sərhəd-keçid məntəqələri Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı qüvvələri olan peşmərgənin nəzarətindədir. Sentyabrın 25-də müstəqilliklə bağlı referendumun keçirilməsindən sonra Şimali İraq Kürdüstan Muxtariyyəti ilə mərkəzi İraq hökuməti arasında münasibətlər gərginləşib. İraq hökuməti peşmərgənin Kərkük və Mosuldakı bölgələrdən, Türkiyə ilə sərhəddəki 1, İranla sərhəddəki 3 sərhəd-keçid məntəqəsindən geri çəkilməsini, Ərbil və Süleymaniyyə beynəlxalq hava limanlarının İraq hökumətinin nəzarətinə verilməsini tələb edib. Ancaq Şimali İraq Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani bu tələbləri yerinə yetirməyəcəklərini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR