Venesuela baş prokurorluğu Konstitusiya Assambleyasına seçkilərlə bağlı araşdırmalara başlayıb

Venesuela baş prokurorluğu Konstitusiya Assambleyasına seçkilərlə bağlı araşdırmalara başlayıb
# 03 avqust 2017 04:58 (UTC +04:00)

Venesuelanın baş prokurorluğu ölkədə iyulun 30-da keçirilən Konstitusiya Assambleyasına seçkilərlə bağlı araşdırmalara başlayıb.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalına Venesuelanın baş prokuroru Luisa Orteqa Dias bildirib.

Rəsmi məlumatlara əsasən, seçkilərdə 8,1 milyon insan və yaxud seçicilərin 41,53%-i iştirak edib. Səsverməni mübahisəli hesab edən müxalifət ölkənin baş prokurorluğuna müraciət edib.

Qeyd edək ki, hazırda Luisa Orteqa Diasın özü barəsində ibtidai istintaq aparılır. O, vəzifəsini icra edərkən qanunsuz hərəkətlər etməkdə şübhəli bilinir.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR