FHN işçilərinin Həmkarlar İttifaqı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirib

FHN işçilərinin Həmkarlar İttifaqı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirib
# 06 aprel 2018 15:58 (UTC +04:00)

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı nazirliyin qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil edilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyarətçilər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan kütləvi məzarlığa baş çəkiblər.

Daha sonra memorial muzey kompleksinə baş çəkən ziyarətçilər burada soyqırıma aid olan sənədli eksponatlarla tanış olublar.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin zalında FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-pratik konfrans keçirilib.

Soyqırım qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunduqdan sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov elmi-praktik konfransın işini açıq elan edərək ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi qanlı müsibətlərə geniş nəzər salıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək XX əsrdə baş verən ən dəhşətli faciələrdən biri kimi tariximizə həkk olunmuş "31 mart - Azərbaycanlıların Soyqırımı Günü"nün miqyası və coğrafiyası baxımından bu faciələrin içində ən amansızı, Qubada olan məzarlığın soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürü və tarixi gerçəklik olduğunu bildirib.

FHN Aparatı Katibliyinin rəis müavini Ziya Hacılı “Azərbaycan xalqının milli yaddaşının qorunması və tarixi gərçəkliyin bərpasında 1918-ci il soyqırımı hadisələrinin tarixi-siyasi əhəmiyyətinin təhlili” mövzusunda çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan xalqının qan yaddaşının bərpa olunması baxımından əhəmiyyəti rol oynadığını qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə, Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Qasımlı və digər natiqlərin 1918-ci il soyqırımı hadisələri və erməni vandalizmi haqqında geniş çıxışları ilə konfrans işini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR