AMOR fəalları Moskvada Kemerovo faciəsində həyatını itirənlərin xatirəsini yad ediblər

AMOR fəalları Moskvada Kemerovo faciəsində həyatını itirənlərin xatirəsini yad ediblər
# 28 mart 2018 23:08 (UTC +04:00)

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları Kemerovo şəhərində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın həlak olması ilə bağlı elan olunan ümumxalq matəminə qoşulublar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Leyla Əliyevanın təşəbbüsü ilə təşkilatın fəalları Manej meydanında yaradılan xatirə lövhəsinin önünə gələrək gül dəstələri düzüblər.

AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev Kemerovoda baş verən hadisənin dəhşətli faciə olduğunu söyləyib: "Balaca uşaqların həlak olması isə ən dəhşətlisidir. Rusiyadakı azərbaycanlılar və bütün Azərbaycan bu gün Rusiya xalqı ilə birlikdə həyatını itirənlərin ailələrinə baş sağlığı verir, onların dərdlərinə şərik olur. Biz bu faciədən nəticə çıxartmalıyıq. Bütün mümkün olanı etməliyik ki, belə bir hadisə bir daha təkrarlanmasın. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə hadisə ilə bağlı ilk başsağlı göndərən dövlət başçılarındadır. Bu günlərdə Azərbaycanda, Bakıda insanlar Rusiya səfirliyinə gedərək Kemerovoda həyatını itirənlərin xatirəsini yad edirlər. Bu, onu sübut edir ki, Azərbaycan xalqı Rusiya xalqı ilə birlikdə bu ağrı-acını bölüşür. Azərbaycanlılar Rusiyanı dəstəkləyir".

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo vilayətində yerləşən "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla 64 nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR