Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 15 iyul 2015 16:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, I Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasından söz açan Əli Abbasov bildirib ki, beynəlxalq idman tədbiri qlobal məkanda Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, bir çox sahələr, o cümlədən rabitə sahəsi üçün də texnoloji test meydançasını yaradıb və sahə bu sınaqdan da uğurla çıxıb.

Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə aparatın rəhbəri Vidadi Zeynalovun məruzəsi dinlənilib.

Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb. Sektorda əldə olunan gəlirlərin təxminən 80%-i isə özəl sektorun payına düşüb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.

Eyni zamanda Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22,7% (dünya orta göstəricisi 15,2 ədəd), mobil abunəçilərin sayına görə isə 17% (mobildə dünya orta göstəricisi 96,1 ədəd) üstələyir.

Bundan başqa, hesabat dövründə kosmik layihələrin icrası, Azərbaycanda yüksək reytinqli Data Mərkəzin yaradılması, “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili və digər yeni istiqamətlər üzrə işlər də davam etdirilib.

Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.

Kollegiyaya yekun vuran nazir Əli Abbasov sektor üzrə qazanılan inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Nazir, həmçinin, bütün sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xüsusən beynəlxalq rabitə trafiki ilə bağlı məsələlərin tənzimlənməsi, mobil rabitə və internetin inkişafı istiqamətində görülən işlərin genişləndirilməsi, özəl sahibkarlığın inkişafına dəstək verilməsi, rabitə sahəsində çalışan əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqətdə saxlanılması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR