Azərbaycana qanunsuz dərman gətirməkdə ittiham olunan İran vətəndaşı özünü təqsirli bilməyib

Azərbaycana qanunsuz dərman gətirməkdə ittiham olunan İran vətəndaşı özünü təqsirli bilməyib
# 01 iyun 2018 14:15 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz dərmanlar gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Ghahremani Hafez və Jahani Hiveh Chi Hamidin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən J. Hamidin müdafiəsinə yeni vəkil Fərid Həsənov qoşulub. Təqsirləndirilən şəxs dövlət hesabına tutulan vəkildən imtina edib.

Sonra prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən H. Ghahremani elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

J. Hamid isə elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib.

H. Ghahremani sərbəst ifadə verərək deyib ki, avtobus sürücüsü kimi Tehran-Bakı marşrutu üzrə hərəkət edib: "Tehranda olanda Qulaməli adlı həkim mənə bir bağlama verdi. Bağlamanın içində əl kremi olduğunu və bunun Bakıda bir şəxsə çatacağını dedi. Mən də razılaşdım, Bakı avtovağzalına çatanda həmin bağlamanl həkim Jahaniyə verdim. O, bunun müqabilində mənə 500 ABŞ dolları pul verdi".

Təqsirləndirilən şəxs deyib ki, bağlamanı J. Hamidə verdikdən sonra əməliyyatçılar onu tutublar.

Hakimin suallarını cavablandıran H. Ghahremani yalnız bir dəfə H. Hamidə bağlama verdiyini deyib.

Sonra şahid qismində Astara Gömrük İdarəsinin baş inspektoru Nürəddin Quliyev ifadə verib.

Proses iyunun 8-də davam etdiriləcək.

Qeyd ki, ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpa olunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.

Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkarlanıb.

Müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi sərnişin avtobusu ilə İrandan Azərbaycana “Canotix 50 units” dərman preparatını gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

Jahani Hiveh Chi Hamid və Ghahremani Hafez Habib barəsində həbs növündə qətimkan tədbirləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR