Türkiyə XIN: "İran nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edib"

Türkiyə XIN: "İran nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edib"
# 09 may 2018 04:56 (UTC +04:00)

ABŞ-ın İranla nüvə sazişindən çıxmasına dair birtərəfli qərarı həyəcan doğurur. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

Bəyanatda Türkiyənin İranla nüvə sövdələşməsinə nail olmaq üçün fəal səylər göstərdiyi qeyd olunub: “Beynəlxalq Atom Enerjisi Təşkilatının hesabatları İranın saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini təsdiqləyir. Bütün fikir ayrılıqları, Birgə Hərtərəfli Tədbirlər Planına uyğun olaraq, diplomatik yolla həll olunmalıdır. Onun icrası davam etdirilməlidir”, - deyə sənəddə qeyd olunur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunacağını bəyan edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp razılaşmanın pozulmasını istisna etməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR