Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
# 30 iyul 2018 15:06 (UTC +04:00)

Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, aprelin 11-də ölkəmizdə keçirilmiş azad, ədalətli və şəffaf prezident seçkiləri zamanı xalqımızın son illərdə görülən işlərə yüksək dəyər verməklə həyata keçirilən strateji inkişaf xəttinə, dövlət siyasətinin davamlılığına, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa səs verərək İlham Əliyevə yenidən etimad göstərməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçısına şəksiz inam və etibarın məntiqi nəticəsidir.

Ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri kimi 2018-ci ilin birinci yarısında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışı, eləcə də Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel döyüşlərindən sonra ordumuzun öz hərbi gücünü və qətiyyətini real şəkildə nümayiş etdirməsi nəticəsində Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində “Formula - 1 Avropa Qran-Pri” yarışlarının və digər mötəbər tədbirlərin keçirilməsi müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəriciləri olmaqla, dövlət başçısı tərəfindən verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiq edib.

Bildirilib ki, 2018-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, hüquqi islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdə olması müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəricisidir və əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

Azərbaycan Respublikası prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Bakı şəhərində baş tutan və ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən bu tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin edib.

Baş prokuror qeyd edib ki, hesabat dövründə özünü öldürmə və özünü öldürməyə cəhd faktlarına görə başlanılmış cinayət işlərinin ibtidai araşdırmasına prosessual rəhbərliyin və istintaqına nəzarətin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər sayəsində bir neçə iş üzrə cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Müşavirədə 2018-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyinə hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı prokuyrorluq orqanları tərəfindən görülmüş işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror prezdent İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib. Eyni zamanda, prokurorluq orqanlarında xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR