İdxal zamanı bitki və bitkiçilik məhsullarının yoxlanılması üzrə təlim başa çatıb

İdxal zamanı bitki və bitkiçilik məhsullarının yoxlanılması üzrə təlim başa çatıb
# 31 may 2018 14:57 (UTC +04:00)

Bu gün Bakıda idxal zamanı bitki və bitkiçilik məhsullarının yoxlanılması üzrə üçgünlük təlim başa çatıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunan təlim Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün nəzərdə tutulub.

Layihə "Standards and Trade Development Facility"nin maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Hökuməti tərəfindən birgə icra olunur.

Təlimdə əsas məqsəd müfəttişlərin idxal zamanı ölkə ərazisinə fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarını artırmaqdır.

Mayın 29-da tədbirin açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, təlim fitosanitar müfəttişlərin nəzəri və praktiki biliklərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Qeyd edilib ki, bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artması fonunda Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsi respublika ərazisinə zərərli orqanizmlərin daxil olması riskinin azaldılmasına xidmət edir.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov "bir pəncərə" prinsipinə uyğun olaraq sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirildiyini, beynəlxalq ticarətin genişlənməsi səbəbindən dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar risklərin artdığını diqqətə çatdırıb. Bu təlimin müfəttişlərin peşə biliklərinin artırılması hesabına risklərin azaldılması işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.

Seminarın ilk iki günündə iştirakçılara Sanitar və Fitosanitar Tədbirlərin tətbiqi üzrə Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası və Ümumdünya Ticarət Təşkilatının Sanitar və Fitosanitar tədbirlərin tətbiqi üzrə Sazişi, eləcə də Azərbaycan Respublikasının fitosanitar nəzarəti sahəsində qanunvericiliyi, Milli Bitki Mühafizəsi Təşkilatlarının idxal nəzarəti ilə bağlı vəzifələri, həmçinin idxal nəzarəti üzrə müfəttişlərin vəzifələri barədə bilgi verilib. Bundan başqa, Azərbaycanda idxal nəzarəti ilə bağlı təqdimat keçirilib. Eyni zamanda, təlim iştirakçıları üçün Bakı şəhəri ərazisində yerləşən "Meyvəli" və "Keşlə" idxal nəzarəti məntəqələrində praktiki məşğələlər təşkil olunub.

Seminarın sonuncu günü isə iştirakçılara "Sərhəd müfəttiş məntəqəsinin infrastrukturu", "Fitosanitar idxal prosedurları: sənədlərin yoxlanılması", "Yüklərin fitosanitar yoxlanılması", "Riskə uyğun olaraq malların kateqoriyalara bölünməsi" mövzularında məlumat verilib.

Təlimi beynəlxalq məsləhətçi Rinqols Arnitis aparıb. Aidiyyəti mövzular üzrə məruzələri isə Dövlət Fitosanitar Nəzarəti Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin mütəxəssisləri söyləyib.

Təlimin sonunda nəticələr təhlil olunub və iştirakçılara sertifikatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR