“Hazır olan bağçanı 3 ildir açmırlar” – Nazirlik kiminlə razılaşa bilmir?
Şəhid ailələri və qazilər üçün tikilən Xocasən yaşayış məhəlləsinin 14 iyul 2021-ci ildə ölkə rəhbərliyi səviyyəsində rəsmi açılışı olub. Sakinlər həmin günü məmnunluq hissi ilə xatırlasalar da, indi bura köçdüklərinə az qala peşman olublar. Səbəbi isə 3 ilə yaxındır ki, tikintisi başa çatan, bütün lazımi avadanlıqlarla təchiz olunan, ancaq qapıları açılmaq bilməyən bağçadır. Aidiyyəti qurumlara müraciət etməkdən, şikayətlərini dilə gətirməkdən bezən sakinlər bir addımlıqlarında bağça olsa da, uşaqlarını uzun məsafə qət edərək başqa bağçalara aparmalı olurlar. Sakinlər həmçinin bildirir ki, rəsmi qurumlar bağçanın açılmamasına səbəb kimi müəllimlərin həmin bağçaya gəlməktən imtina etməsini göstərirlər. Bağçanın hansı qurumun balansında olduğunu öyrənmək üçün bir neçə nazirlik və İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Öncə boyunlarına almasalar da, sonda sözügedən bağçanın Elm və Təhsil Nazirliyinin nəzdində olduğunu öyrəndik. Açıqlama almaq üçün vətəndaşları narahat edən bütün sualları ünvanladıq. Sorğumuza cavab belə oldu: Hazırda mövcud qaydalara əsasən, uşaq bağçalarının fəaliyyətə başlanılması üçün müvafiq dövlət qurumları ilə razılıq sənədləşmə işləri həyata keçirilir. Ancaq 3 ildir ki, razılıq-sənədləşmə işlərini yekunlaşdıra bilməyən dırnaqarası operativ qurumların adlarını Elm və Təhsil Nazirliyindən öyrənməyə çalışsaq da, məlumat verməkdən imtina etdilər. Maraqlıdır ki, son illərdə ən böyük problemlərdən biri də bağçalarda yer çatışmazlığıdır. Bu problem parlament səviyyəsində belə dəfələrlə qabardılıb. Xocahəsən yaşayış məhəlləsində isə yeni tikilmiş, hər cür avadanlıqla təchiz edilmiş bağça 3 ildir ki, öz balaca qonaqlarını gözləyir. Digər tərəfdə isə qəsəbənin 200-300 azyaşlı sakini və onları hər gün uzaq məsafələrə aparıb-gətirməyə məcbur qalan valideynlər zülm çəkirlər. Bu zülmün yeganə səbəbi isə adlarının belə çəkilməsini istəməyən aidiyyəti qurumların aralarında 3 ildir razılaşa bilməmələridir. Maraqlıdır, elə deyilmi?.. LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV
DİGƏR XƏBƏRLƏR
İranın qərarı regionda və Azərbaycanda hansı nəticələrə yol aça bilər? – APA TV
Havanın temperaturu artdıqca hotellərin qiyməti niyə qalxır? – ARAŞDIRMA
Azərbaycanın müştərisiz əkin sahələri: “Marketlər yalnız yerli məhsulları satsın”