“Lift xarab olub, pul yığıblar, vermişəm, indi də binanın fasadı üçün 200 manat yığırlar

# 12:30
26 oktyabr 2023

Yeni tikili binalarda liftlərin, blokun qapılarının üzərində tez-tez xəbərdarlıqla rastlaşırıq. “Borcunuzu ödəməsəniz, lift işləməyəcək”, “binaya verilən işıq dayandırılacaq” və s. kimi xəbərdarlıqlar əslində MTK-larla sakinlər arasındakı vəziyyətin ən yaxşı göstəricisidir. İndi elə vəziyyət yaranıb ki, Mənzil Tikinti Kooperativləri (MTK) sakinlərdən narazıdır, sakinlər də onlardan. Belə ki, MTK pulların ödənilməməsindən şikayətlənir, sakinlər toplanan pulların lazımi qaydada xərclənməməsindən. Hətta MTK-ların aylıq ödənişləri keflərinə uyğun təyin etdikləri ilə bağlı iddialar da var. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni çoxmənzilli bina var. Yığılan vəsait həmin binaya sərf olunan işçi pulu, xadimə, mühafizə, lift, lift işığı və digər kommunal ehtiyaclar üçün xərclənir. Lakin, əksər hallarda liftə, yaxud da hanısa başqa məsələyə xərc çəkilməli olduqdan sakinlərdən yenidən vəsait toplanır. Bundan başqa, binaların fasad boyalarında, dam örtüklərində yaranan problemlərin aradan qaldırılmasına külli miqdarda vəsait tələb olunur, bunlar da vətəndaşlardan yığılır. Qeyd edək ki, ötən günlərdə MTK-ların binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması barədə qanun layihəsi hazırlanıb. Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, artıq layihə dövlət qurumlarına təqdim edilib. Maraqlıdır, kommunal ödənişlərin nağdsız qaydada toplanması uzun illərdir həlli tapılmayan problemə çarə ola bilərmi? Elnur Fərzəliyev deyir ki, pulların hansı qaydada ödənilməsinin mövcud problemlərlə əlaqəsi yoxdur. Ekspert bildirir ki, vahid idarəetmə sistemi olmalıdır ki, sakinlər bu kimi problemlərlə qarşılaşmasın. Bu sistem qurulmasa, binaların köhnəlməsi prosesi sürətlənəcək. MTK-ların yığdığı kommunal pulları yalnız həmin ay istifadə üçün bəs edir. Əksər çoxmənzilli binaların artıq dam örtüklərinin təzələnməsinə ehtiyac var, liftlər köhnəlib, fasad boyaları bərbad vəziyyətdədir. Çünki onların ümumi maddi texniki bazaları yoxdur. Yığılan pul ümumi bazaya yönəlməlidir ki, gələcəkdə lazım olan xərclər qarşılansın. İqtisadçı Rəşad Həsənov nağdsız ödəniş sisteminin bir neçə istiqamətdə pozitiv təsirləri ola biləcəyindən danışdı. Belə ki, nağdsız ödəniş sistemi olsa, bu sahədə fəaliyyət göstərən MTK-lar və müvafiq funksiyanı həyata keçirən müəssisələrin fəaliyyəti şəffaflaşacaq. Onların dövriyyəsinin əhəmiyyətli hissəsi qanuniləşəcək. Ödənişlərin nağdsız şəkildə həyata keçirilməsinin digər avantajı da vətəndaş sonrakı həransı bir narazılıq, iqtisadi mübahisələr zamanı rəsmi sənəd olur və bu da məhkəmə predmetinə çevrilə bilir. Yəni vətəndaş tərəfindən öz hüquqlarını tələb edən zaman bunlar əsas kimi təqdim olunur. İqtisadçı belə yığımların nağdsız şəkildə olmasını həmişə təklif etdiyini bildirsə də, MTK-lar tərəfindən göstərilən xidmətlərə münasibətdə vətəndaşın üzərinə icbari kommunal öhdəliyinin qoyulması məsələsini indiki şərtlər daxilində məqbul hesab etmədiyini bildirdi. Onun sözlərinə görə, bunun mümkünlüyünü təmin edən iqtisadi və sosial konyukturu və hüquqi əsaslar yoxdur. İqtisadçının sözlərinə görə, indiki şərtlər daxilində problemin həlli razılıq əsaslı idarəetmə modelinin seçilməsindədir. İqtisadçı deyir ki, mənzil mülkiyyətçilərinin müştərək idarəetmə cəmiyyəti uzun müddət Azərbaycan qanunvericiliyində formalaşdırılmış idarəetmə modelidir. Ancaq MTK-lar bu idarəetmə modelini müxtəlif formalarda sabotaj edirlər. Hətta bununla bağlı aidiyyatı qurumlarda kifayət qədər məhkəmə işləri də mövcuddur. İqtiadçının sözlərinə görə, MTK-lar qanunvericilikdəki boşluqdan da istifadə edirlər. Belə ki, bəzi hallarda həmin şirkətlər inşa edilən binaların müəyyən kiçik bir pay hissəsinin satışını etməməklə özünün həmin prosesdə iştirakçılığına hüquqi əsasını təmin edirlər və beləliklə orda onillərlə komunal xidmətlərin təşkili funksiyasını həyata keçirməklə vətəndaşların da bu seçimi etmək imkanlarını məhdudlaşdırılar.

AYNUR QARA VÜSAL BAYRAMOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR