Mobil operatorlar nömrələrimizi başqasına satır, bütün məlumatlarınız ələ keçə bilər

# 20:00
26 oktyabr 2023

 

Mobil operatorlar müəyyən müddət ərzində balans artımı olmayan nömrələri ləğv edərək, yenidən satışa çıxarır. Əksər hallarda nömrənin artıq keçmiş sahibi sayılan şəxsin bundan xəbəri olmur. Əvvəllər mobil nömrələrdən yalnız əlaqə vasitəsi kimi istifadə olunurdusa, indi onlar virtual aləmdəki platformalarda qeydiyyat zamanı da əhəmiyyət daşıyır. Ləğv olunan nömrə ilə sosial şəbəkə hesablarında qeydiyyatdan keçilibsə, onda nömrənin keçmiş sahibinin şəxsi məlumatlarının təhlükəsizliyi sual altında qalır. Mövzu ilə əlaqədar mövqeyini öyrənmək istədiyimiz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bildirildi ki, bununla bağlı onlar deyil, mobil operatorlar məlumat verə bilər. Əlaqə saxladığımız mobil operatorlardan birinin əməkdaşı isə qeyd etdi ki, nömrənin balansı 180 gün ərzində artırılmadığı təqdirdə yenidən satışa çıxarılır. İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyir ki, yenidən satışa çıxarıldığı halda nömrənin yeni sahibi əvvəlki sahibinin sosial şəbəkə hesablarına daxil ola bilər. Bu zaman isə onun şəxsi məlumatlarının ələ keçirilməsi təhlükəsi ortaya çıxır. Qeyd olunan təhlükəsizlik probleminin yaranmaması üçün mobil operatorlar ya ödəniş edilib alınan nömrəni balans artımı olmadığı səbəbindən ləğv edib yenidən satışa çıxarmamalı, ya da yenidən satışa çıxarıldığı təqdirdə sosial platformalarda həmin nömrə ilə keçmişdə qeydiyyatdan keçilmiş hesablara girişin qarşısını almalıdır.

ORXAN ASLAN

ELVİN MURADOV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR