Naxçıvanda evlər bahalaşdı – Niyə kirayə ev tapmaq olmur?

# 10:30
27 oktyabr 2023

Son 9 ayda Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. Xüsusilə, mənzil və şəxsi evlərin qiymətlərində artım var. Evlərin alış qiymətlərinin artması icarə və kirayə qiymətlərinə də ciddi təsir göstərib. Ötən illərdə şəhərdə aylıq 350-400 manata təklif edilən evlərin kirayə haqları indi 600-700 manatdır. O da, mənzil tapa bilsən. Kirayə haqlarının artması isə daha çox muxtar respublikada təhsil alan tələbələri narahat edir. Onlar deyir ki, ötən illə müqayisədə cari ildə qiymətlər xeyli yüksəlib. Maklerlər də naxçıvanın ev bazarında qiymət artımı olduğunu təsdiqləyirlər. Onlar bildirir ki, şəxsi evlərdə, köhnə və yeni tikilmiş binalarda mənzillərin qiyməti əvvəlki illərlə müqayisədə təxminən 20-25 faiz bahalaşıb. Bəs kirayə haqlarının qalxmasına və mənzil qıtlığına səbəb nədir? İqtisadçı Razi Abasbəyli deyir ki, Naxçıvana quru yolunun açılması burada daşınmaz əmlak bazarına hələ ki, psixoloji təsirlərini göstərməkdədir. O vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan strateji ticarət yolları üzərində yerləşən əraziyə çevriləcək. Muxtar respublikaya gələnlər ya ev, ya qeyri-yaşayış obyektləri alır, ya da mənzil kirayəyə götürürlər. Ekspert bildirir ki, əgər bu proses uğurla davam etdirilərsə Naxçıvanda daşınmaz əmlak bazarında investisiya qoyuluşları artacaq.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR