Siqareti tərgitməyin ən asan yolları hansılardır?

# 09:58
20 oktyabr 2023

Siqaret asılılığından xilas olmaq heç də asan deyil. Siqaret çəkənlər onu dost, sirdaş kimi qəbul edir. Bu cür insanlar həyatda qarşılaşdıqları bütün müsbət və ya mənfi hadisələri siqaretlə bölüşürlər. Məsələyə psixoloji yanaşsaq, bəlkə də siqaret çəkən kimsə siqaret yox, yalnızlığını, bədbəxtliyini, peşmanlığını çəkdiyini düşünür. Halını siqaretlə əvəzləməyə çalışır. Bəziləri də, xüsusən cavanlar dəblə ayaqlaşmaq üçün siqaret çəkdiklərini deyirlər. Səbəb hər nədirsə siqaret çəkmənin fizioloji və psixoloji amili var. Hər iki halda da aludəçi olan hər kəs həyatında heç olmasa bir dəfə onu tərgitməyə cəhd etdiyini deyir. Bəziləri siqareti tərgitməyin insanın özündən asılı olduğunu desə də, əksəri bir müddət sonra yenidən başlayır. Bəs Siqareti tərgitməyin effektiv metodları hansılardır? Əvvəlcə elə işin əhli olan siqaret çəkənlərlə söhbətləşdik. Çəkənlər siqareti tərgitmək üçün möhkəm iradənin lazım olduğunu vurğulasalar da, ekspert Babək Bayramov iradə gücüylə tərgitməyi effektiv hesab etmir. Ekspert bildirir ki, insanlar siqaret çəkmələrinə müxtəlif səbəblər göstərirlər. Əslində isə siqaret sadəcə özünün yoxluğundan yaranan stresi ortadan qaldırır. Ekspert deyir ki siqaret çəkmək simptom olaraq hər insanda olur. Bu yemək istəyi kimi bir istəkdir. Birində boğaza, birində sinəyə, ürəyə müəyyən siqnallar gəlir və onda anlayır ki, siqaret çəkməyin vaxtıdı. Ekspert bildirdi ki, siqareti tərgitməyin effektiv üsulları arasında hipnoterapiyadan da istifadə olunur. Bunun üçün professionaldan kömək almaq mütləqdir. Bundan başqa, siqareti beynində bitirmək istəyənlər Allen Carın müəllifi olduğu, siqareti tərgitmək üsullarından bəhs edən kitabdan da yararlana bilərlər. Dünyada 1 milyar 700 milyon insanın siqaret çəkdiyini bildirən həkim Əlizamin Sadıqov bir çox xəstəliklərin siqaret səbəbindən yayıldığını bildirir və il ərzində 8 milyona yaxın insanın bunun ucabatından öldüyünü deyir. Siqaret çəkən insan qapalı yerdə olanda onunla yanaşı olan insanların da həyatına risk törədir. Buna passiv siqaret çəkmə deyilir. Bu səbəbdən yaranan ölüm sayı isə 1 milyona qədərdir. Həkim ölkəmizdə siqaret çəkənlərinin sayınını kəskin artdığını və Azərbaycanda bütün xərçəng formalarıyla müqayisədə ağciyər xərçənginin daha çox yayıldığını bildirdi. Onun fikrincə, siqareti dayandırmaq bir çox insanın iradəsi xaricindədir. Həkim deyir ki, siqareti tərgitmək üçün başlıca şərt motivasiyadır. Görünən odur ki, siqareti tərgitmək istəyib, tərgidə bilməyənlər müxtəlif üsullardan istifadə edə bilərlər. Onu da düşünmək lazımdır ki, ciyərlərimizin təmiz havaya ehtiyacı varkən, onu siqaretlə niyə məhv etməliyik?

AYNUR QARA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR