Bakının ultimatumu İrəvanı “xoşməramlı tərəf”ə çevirdi

# 17:23
6 mart 2024

Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu martın 5-də Azərbaycana geri qaytarıldı. Əsgərin geri qaytarılması Ermənistan ictimaiyyətində və mediasında hələ də müzakirə olunmaqdadır. Ruslan Pənahovun 5 ayrı maddə ilə ittiham olunduğu halda, Azərbaycana göndərilməsi hakimiyyətə müxalif qüvvələr tərəfindən narazılıqla qarşılansa da, iqtidarı dəstəkləyənlər bunu xoşniyyət kimi qələmə verməyə çalışırlar. Müxaliflər hökumətdən azərbaycanlı əsiri Bakıdakı erməni əsirlərlə dəyişmələrini tələb etdilər. “Ermənistanla Azərbaycan arasında xoşməramlılıq əlaməti olaraq və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaya uyğun olaraq, Ermənistan Ruslan Pənahovun Azərbaycan tərəfinə keçməsi barədə qərar qəbul edib”, deyə Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlamasında bildirib. Sual yaranır, rəsmi İrəvan bu addımında səmimidirmi? Bəs xoşməramlı tərəf danışıqları, eləcə də, sülh məsələlərini niyə bu qədər uzadır? “Ermənistanın əsgərimizə qarşı cinayət işi açması absurd məsələdir”. Bunu APA TV-yə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O əlavə edib ki, əgər əsgərimiz qaytarılmasaydı, kövrək olan atəşkəs rejiminə təsir edəcəkdi. Ədalət Verdiyev əlavə edib ki, Əsgərimizin geri qaytarılması Azərbaycan dövlətinin qətiyyəti və İrəvana verilmiş ultimatumun nəticəsidir. O vurğulayıb ki, Ermənistan bu haldan siyasi manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışdı, ancaq bacarmadı. Xatırladaq ki, Azərbaycan Müdafiə nazirliyinin məlumatına görə, əsgər Pənahov Ruslan Eldəniz oğlu fevralın 28-i səhər saatlarında Azərbaycan ordusunun Laçın rayonu ərazisindəki şərti sərhəddə xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR