Əhməd Cavadın xanımının sürgün sənədi, güllələnmiş tələbələr, qan qoxuyan ölüm otağı - REPORTAJ

# 11:06
13 iyul 2021

Soyuq, yarıqaranlıq, cansıxıcı, bir sözlə, bütünlüklə ölüm qoxan bu zirzəmidə addımladıqca, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Tağı Şahbazinin, Abbas Mirzə Şərifzadənin, Bəkir Çobanzadənin, Əmin Abidin, Əli Nazimin, Hacı Kərim Sanılının, Hənifə Zeynallının, Salman Mümtazın, Sultan Məcid Qənizadənin və minlərlə başqa günahsız azərbaycanlının ayaq səsləri, işgəncələrdən doğan iniltiləri və son nəfəsləri hiss edilir. Bura “Siyasi Repressiya Qurbanları Muzeyi”dir.

 

APA TV-nin xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən muzey 24 may 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində yaradılıb.

 

Tarixi 1878-ci ilə dayanan binanın ilk sahibi Bakının tanınmış taciri Hacı Hacıağa Dadaşov olub. Dəniz limanına yaxın yerdə yerləşən binada kommersiya məqsədilə 30-dan çox müxtəlif şirkətlərin nümayəndəlikləri və anbarları yerləşib.   

 

Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov deyir ki, 1920-ci ildən sonra bu bina dövlətin mülkiyyətinə keçib və 1925-ci ildən etibarən Azərbaycan Fövqəladə Komissiyası bu binada fəaliyyət göstərib: “Beləliklə, həmin dövrdən başlayaraq binanın zirzəmisi fiziki və mənəvi işgəncələr məkanına çevrildi. Bu bina kvadrat binadır, binanın tən ortasında həyətdə daha bir beş mərtəbəli bina tikildi və həmin bina da NKVD-nin həbsxanası oldu”.

 

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə edilib.

 

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.

 

1938-ci ilin 1 aprel tarixli sənəddə göstərilir ki, yanvar-mart aylarında 949 nəfər repressiyanın qurbanı olub. Bir il ərzində isə bu rəqəmlər 3-5 dəfə artırdı. Repressiya olunan insanların əksəriyyətinin də yolu məhz bu binadan düşürdü. Bura gətirilənlər belə dəmir barmaqlıqlar arasında darısqal kameralarda saxlanılıb. Bəziləri isə elə evindəncə ailəsi ilə bərabər vaqonlara yığılıb ya Sibirə, ya da Qazaxıstana sürgün ediliblər.

 

Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov xüsusi kitablar var idi və güllələnmə haqqında hökm yerinə yetiriləndə həmin kitablarda qeyd edilirdi ki, filankəs filan vaxtı güllələndi, yəni hökm yerinə yetirildi: “Təəssüflər olsun ki, həmin kitablar 1989-1990-cı illərdə buradan Moskvaya aparılıb. Lakin birmənalı olaraq sənədlər göstərir ki, bütün siyasi motivlərlə repressiya olunanlar bu binada saxlanılıb, burada hökm çıxandan sonra ya güllələnib, ya da sürgün edilib”.  

 

1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya – Almaniya, Fransa, Rusiya və Türkiyəyə 100 tələbə göndərilir. Həmin gənclərdən 56 nəfəri təhsillərini başa vurub Vətənə qayıdandan sonra repressiyalara məruz qalır. O zaman ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.

 

Siyasi repressiya qurbanı olan qadınlara həsr edilən lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova haqqında məlumatlar verilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (ALJİR – Akmolinskiy Lager Jen İzmennikov Rodinı) cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.

 

Muzeyin rəisi Mirabbas Məmmədov deyir ki, oradan biz 44 nəfər qadının məlumatlarını əldə edə biliblər: “Bu qadınların böyük əksəriyyəti respublikanın tanınmış şəxslərinin ailə üzvləri, yaxınları və ya tanışları olublar. Onların əksəriyyəti həmin düşərgədə vəfat edir. Bəziləri isə geri evlərinə dönə biliblər. Bu sənəd Həmzəyeva soyadlı qadının həbs düşərgəsində yaxşı işlədiyi, özünü yaxşı apardığı üçün verilən fərqlənmə diplomudur. Stalin və Leninin şəkilləri olan bu diplomu verənlər isə onun ailəsinin məhvinə səbəb olanlardır”.

 

Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub:

 

21938-ci cinayət işi. Bu dahi mütəfəkkirimiz  Hüseyn Cavidin cinayət işidir. Hüseyn Cavid həbs olunmamışdan düz 10 ay əvvəl Mircəfər Bağırova məktub yazır. Məktubda deyilir: “Hörmətli Mircəfər Bağırov mən yaşlı bir insana qarşı həm fiziki həm də mənəvi təziqlər var. Bunların qarşısının alınması üçün xüsusi tədbirlərin görülməsini istərdim”. Təəssüflər olsun ki, bu məktubdan düz 10 ay sonra Cavid əfəndi həbs edilir və 2 il müddətinə bu qaranlıq və soyuq zindanda saxlanılır. Burada O daha ağır işgəncələrə məruz qalır və sonunda Maqadana sürgün edilir.

 

Repressiya Qurbanları Muzeyinin ən dəhşətli otaqlarından biri də işgəncələrlə dolu karserlərdir. Məhkumlar müstəntiqlərə istədikləri cavabları vermədikdə, günlərlə karserlərə atılıb, burada ac susuz saxlanılır. 3-4 gün ərzində bir az yemək verilib. Burada otaqların döşəməsi və divarları nəmişlik olmaqla yanaşı, həm də  məhkumlara daha ağır işgəncə vermək məqsədilə əlavə soyuq su da tökürlərmiş. Hətta işgəncə məqsədilə günlərlə divarlarda quraşdırılan bu zəncirlərdə asılı vəziyyətdə saxlanılıblar.  

 

NKVD-nin binasında nömrəsiz xüsusi bir otaq. Bu otağa gələn hər bir məhkum buradan sağ çıxmayacağını bilir. Söhbət məşhur güllələnmə otağından gedir. Otağa gətirilən hər bir məhkum barəsində ölüm hökmü yerinə yetirildikdən sonra meyit xüsusi xərək vasitəsilə otaqdan çıxarılır ya birbaşa dənizə atılır, ya da naməlum bir ərazidə basdırılır. Bu ölüm otağının divarlarında minlərlə azərbaycanlının qanı var. Burada simvolik olaraq quraşdırılan güllələnməyə hazır insan maketi isə sanki Mikayıl Müşfiqi xatırladır.

 

Qeyd edək ki, 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub. Bu dəhşətli faktları özündə əks etdirən muzeyə ziyarətçilər həftənin 5 günü ərzində gələ bilərlər.

 

İlahə Vəliyeva,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR