Əri tikinti meydanında öldü, o, ərinin öldüyü şəhərə köçdü

# 13:10
14 may 2024

Bura Şuşadır. Hər daşından tarix yağan, vətənimizin incisi olan Şuşa. Bu şəhər yenə öz doğma övladlarının ayaq səslərinə ayılır, gülüş səslərinə şənlənir. İndi Şuşanın evlərinin buz bağlamış divarları doğma balalarının ilıq nəfəsləri ilə isinir. Düz 32 il sonra ailəsi ilə birlikdə Şuşaya köçən Gülbəniz xanım da Şuşa qədər sevinclidir. Deyir, xoşbəxtəm ki, Azərbaycanın qəhrəman oğlanlarının qanı bahasına azad etdiyi və qurduğu Şuşaya qayıtmışıq. Gülbəniz Fərhadova deyir ki, Şuşadan çıxanda 23 yaşı olub. Böyük övladı 40 günlük olanda Şuşanı tərk edib. Gülbəniz xanım Sevib ailə qurduğu Vidadi Fərhadovla 2 övladını köçkün düşdükləri Bakı şəhərində böyüdüb. Övladı ilə çıxdığı Şuşaya, indi nəvəsi ilə qayıdıb. Gülbəniz xanımın həyat yoldaşı Vidadi Fərhadov Şuşa azad olunandan sonra şəhərin yenidən qurulmasında yaxından iştirak edib, mühəndis kimi çalışıb. 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları zamanı ermənilər Şuşanı minaatandan atəşə tutanda işlədiyi tikinti meydançasında aldığı qəlpə yarasından şəhid olub. Müsahibimiz deyir ki, indi onun özü də Şuşada işlə təmin olunub. Oğlu Elvin Fərhadlı da hazırda Şuşa rayon polis şöbəsində çalışır. Qeyd edək ki, Şuşaya ilk köç karvanı Mayın 9-da yola salınıb. İlk mərhələdə şəhərə 20 ailə (88 nəfər) köçürülüb. Bu gün də ölkənin müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış şuşalıların bir hissəsi doğma şəhərinə yola salınıb.

Emin Babayev Fəzail Səfərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR