Hər toyuğu 2 qəpiyə müayinə edirlər: Ölkədə nə qədər toyuq var?

# 10:02
3 noyabr 2023

Azərvaycanda quş əti istehsalı azalıb, yumurta istehsalı isə artıb. Lakin rəsmi statistika ilə mövcud rəqəmlər arasında uyğunsuzluq olduğu iddia edilir. Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 57,5 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin müvafiq dövrünə nisbətən quş əti istehsalı 2,9 faiz azalıb, yumurta istehsalı isə 27,5 faiz artıb. Ötən ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59,2 min ton quş əti və 599,4 milyon ədəd yumurta istehsal olunub. Rəqəmlərdən də göründüyü kimi, quş əti istehsalında azalma müşahidə olunur. “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyir ki, azalmaya baxmayaraq, bu sahədə ciddi problem yoxdur. Həm yumurta, həm də quş əti istehsalında ölkədaxili tələbat ödənilir. Ölkədə gündəlik süfrə yumurtasına olan tələbatımız 3 milyon 600 min əddəddir. Bizim istehsalımız isə 5 milyona yaxındır. Hətta bu il ilk 6 ayda 34 milyon yumurta ixrac etmişik. Quş əti istehsalında da hazırda respublikada 300-350 min ədəd toyuq kəsilir. Bu, aylıq 10-12 ton quş əti deməkdir. Mütəxəssis deyir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi yoxlamaların aparıldığı bildirilsə də, hər toyuq başına 2 qəpik müayinə pulu yazıldığına görə, bəzi kiçik fermerlər vergidən yayınırlar. O, həmçinin qırmızı ətin bahalaşmasının toyuq ətinə olan tələbatı artırdığını bildirib. İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, quş ətinin azalması fonunda yumurtanın artması normal hadisədir. Ekspert həmçinin onu da vurğuladı ki, hətta müəyyən şübhələr olsa belə bütün hallarda Dövlət Statistika Komitəsində olan məlumatlar ən etibarlı göstəricidir.

AYNUR QARA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR