Qazi: “Qopmuş ayağımı götürüb üstümə bağladım” - REPORTAJ

# 13:01
22 iyun 2021

Binnət Əbdül oğlu Eyvazlı 1995-ci il mayın 24-də Beyləqan rayonunun Birinci Aşıqlı kəndində doğulub. İndi o, təkcə doğulduğu kəndin yox, bütün Azərbaycanın fəxridir. Çünki Vətənin darda olduğunu anladığı gün öz mülki işindən ayrılıb, müddətdən artıq xidmət etmək üçün Müdafiə Nazirliyinə müraciət edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, elə Binnətin xidmətə başladığı ilk ayda ermənilər cəbhə xətti boyu Azərbaycana qarşı yenidən hücum etmək fikrinə düşüb. Düşmənin hücumuna qarşı mübarizəyə qoşulanlardan biri də Binnət olub: “27 sentyabrda səhər  qolumdan qəlpə yarası aldım. Qolumu sarıdım, geri qayıtmadım. Döyüşlərdə qardaşlarım şəhid olurdu, yaralanırdı. Amma yenə də ordumuz irəli gedirdi. 30 sentyabrda gecə sızmışdılar. Səngərdə qarşı-qarşıya döyüş oldu. Yaralı əsgərlərimizdən birini səngərdən çıxarıb, arxa səngərə keçmək istəyirdim. Minaya düşdüm, ayağımı itirdim. Ayılanda qopmuş ayağımı götürüb bağladım üstümə, sonra heç nədən xəbərim olmadı. Ayılanda soruşdum bura haradır, dedilər, Şirvan xəstəxanasıdır”.

 

Binnət Eyvazlı Vətən Müharibəsində sağ ayağını itirib. Artıq onun protez ayağının ölçüləri götürülüb və hazırlanıb, yaxın günlərdə təqdim olunacaq: “Bu vəziyyətimdə də yenidən müharibə olsa, yenə gedərəm. Vətənpərvərlik içimizdən gəlir. Atam da Birinci Qarabağ müharibəsində 4 il döyüşüb sağ gəlib, sonradan qəza keçirib, ayağını itirib. Mən istəsəm, qaz idarəsindən çıxmazdım, amma evə də demədim ki, birdən məni göndərməzlər”.

 

Beyləqan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev APA TV-yə açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyinin nümayəndələri hazırda Beyləqan rayonundadır: “Ölkə başçısının sərəncamına əsasən şəhid ailələri və statusla müəyyən olunan qazilər növbəli şəkildə sosial şəraitinin yaxşılaşdırılması üçün evlə təmin olunacaqlar. Bu gün siz çəkiliş apardığınız qaziyə bələdiyyə tərəfindən 1 hektar torpaq icarəyə verilib. Bu günə qədər müalicəsi gedib, amma indi səhhətində yaranan problem üçün yenidən tərəfimizdən həkim komissiyasına göndəriləcək”.

 

Heybət Əliyev əlavə edib ki, bu ilin sonuna kimi növbədə olan şəhid ailələri və qazilər üçün 20 evin tikintisinin başa çatdırılması və sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.

 

Habil Aslanoğlu,

Arzu Quliyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR