Sabirabadda acınacaqlı vəziyyət: “Ştatda işçi var, xəstəmiz olanda tapmırıq”

# 10:39
26 oktyabr 2023

Sabirabadın Polad Toğayı kəndinin sakinlərini mikrofon qarşısına çıxmağa məcbur edən səbəb kənddə tibb məntəqəsinin varlığı ilə yoxluğunun bilinməməsidir. Sakinlər deyir ki, 20 ildir ki, kəndin tibb məntəqəsi fəaliyyət göstərmir. Daha doğrusu məntəqə uyğunlaşdırılmış binaya sığınıb, amma kənddə xəstə olanda orda adları ştatda gedən şəxslər gözə görünmür. Bina isə acınacaqlı vəziyyətdədir. Düzü bizim də tikiliyə “tibb məntəqəsi” deməyə dilimiz gəlmədi. Sakinlər deyir ki, kənddən rayon mərkəzinə 55 km, Salyana 30 km, Şirvan şəhərinə 20 km olan məsafəni qət edənə qədər xəstə ya ölür, ya da daha da ağırlaşır. Məsələ ilə əlaqədar TƏBİB-in ictimayyətlə əlaqədar şöbəsinə müraciət etdik. Oradan bizə yazılı olaraq aşağıdakı məlumatları verdilər. Sitat: “Sabirabad rayonu Polad Toğayı kəndindəki tibb məntəqəsində 2 ştat vahidi mövcuddur. Hazırda məntəqə müdiri fəaliyyət göstərir, mama vəzifəsi isə vakantdır. Sözügedən tibb məntəqəsinin təmir və ya tikintisi zərurəti araşdırıldıqdan sonra nəticəsinə uyğun olaraq aidiyyəti üzrə müraciət ediləcəkdir” . Sitatın sonu... 400 təsərrüfatı olan kəndin sakinlərinin isə boş vədlərə yox, ştatı olan, özü olmayan bu tibb məntəqəsinin əvəzinə heç olmasa ən kritik vəziyyətdə ilkin tibbi yardım ala bilmək üçün bu kənddə gedə biləcəkləri bir yerə və o yerin qapısını xəstələrin üzünə aça biləcək bir həkimə ehtiyacları var. Əlibəy Zeynallı, Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR