Salyanda 11-ci sinif şagirdi ana oldu – “Qızımı tanımadığım adam qaçırıb”

# 17:51
4 mart 2024

 

Salyan rayon Pambıqkənd kəndində 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Bundan başqa, yayılan məlumatlarda bildirilir ki, Pambıqkənd məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Erkən nikah halları qeyd edilən Pambıqkənd kəndində qız övladı erkən yaşda evlənən ailələrdən biri ilə əlaqə saxlamaq mümkün oldu. Övladı erkən yaşda evlənən ana Esmira Həşimova bildirir ki, qızı 1 il əvvəl tanımadığı adam tərəfindən qaçırılıb. Amma ana olan qız onun qızı deyil. Ananın sözlərindən aydın oldu ki, sözü gedən kənddə erkən nikaha məcbur edilən başqa məktəbli də var. Amma digər erkən nikaha məcbur edilən məktəbli qız haqqında və hamiləlik barədə məlumat əldə edə bilmədik. Məsələ ilə əlaqədar Salyan rayon Azad İbadov adına Pambıqkənd kənd tam orta məktəbində olduq. Məktəbin müvəqqəti təyin edilmiş direktor əvəzi, Salyan-Şirvan regional idarəsinin əməkdaşı Yeganə Cəfərova suallarımızı belə cavablandırdı. Məktəbin yuxarı siniflərində təhsil alan qızların nişanlı olduqları üçün dərsə gəlməmələri barədə yayılan məlumatlarla bağlı suallarımız isə cavabsız qaldı. Suallarımıza Şirvan-Salyan Regional Təhsil İdarəsindən də eyni açıqlama verildi. Stat: “Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbin azyaşlı şagirdinin erkən nikaha cəlb olunması barədə sosial şəbəkələrdə yayılan məlumatla bağlı bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinə bu barədə məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürmüş və həmin təhsil müəssisəsində araşdırma aparılmışdır. Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilmişdir.” Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inispektoru Nizam Həmidov isə bizə aşağıdakılar bildirdi. Qeyd edilən məsələ Salyan polis şöbəsi tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. Çox cəhd etsək də bəzi suallarımıza cavab tapa bilmədik. Məsələn necə olur ki, tanımadığı adam tərəfindən qaçırılan qız erkən yaşda nikaha məcbur edilir, amma buna dur deyən olmur? Əgər ortada məcburiyyət varsa niyə ailə polisə müraciət etməyib? Şagirdlərə nişanlı olduğu üçün dərsə getməmək hüququnu kim verir? Araşdırmalar yekunlaşana və suallarımıza cavab tapılana kimi məsələni nəzarətdə saxlayacağıq.

Əlibəy Zeynallı Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR