Sumqayıtda tikinti şirkəti yaşayış olan binaları hasara aldı, mənzilləri sökdü

# 14:37
21 dekabr 2023

Bura Sumqayıt şəhərinin 4–cü məhəlləsidir. Bu gördüyünüz yaşayış olan binaları hasara alan isə “Mahal” Mənzil Tikinti Kooperatividir. Yəqin ki, “Mahal” MTK barədə dəfələrlə şikayət xəbərləri ya oxumusunuz, ya da eşitmisiniz. Bu MTK-dan illərlə aldığı evin çıxarışını ala bilməyən vətəndaşdan tutmuş, gördüyü işin pulunu ala bilməyən fəhlə kimi bir çox şikayətçi var. Saymaqla bitməyən və həllini tapmayan şikayətlər sırasına 4–cü məhəlləsinin 3 binasında yaşayan sakinlərin də şikayəti əlavə olunub. 4-cü məhəllədə yerləşən 16/19, 15/30, 17/18 saylı binalarında yaşayan 56 ailə onlarla razılıq əldə olunmadan yaşadıqları binaların sözü gedən MTK tərəfindən hasara alındığını bildirir. Onlar iddia edir ki, 3 binada cəmi 4 mənzilin sahibi ilə razılıq əldə olunub və həmin mənzillərin dayaq sütunlarına bilərəkdən zərər verilir ki, bina qəzalı vəziyyətə düşsün. Sakinlərin razılığa gələ bilməməsinin əsas səbəbi MTK-nın onlara evlərinin dəyərinə uyğun ödəniş təklif etməməsidir. Digər tərəfdən isə sakinlər tikinti şirkəti haqqında sosial şəbəkələrdə və xəbər saytlarında yer alan şikayətlərə görə “Mahal” MTK-ya etibar etmir. “Mahal” MTK-nın əməkdaşı Ruslan Məmmədov, icazə olmadan taxtanı taxta üstünə qoya bilmərik deyir. Həmçinin bildirir ki, bütün aidiyyəti qurumlardan icazələr alınıb. Lakin sakinlərlə razılığa gələ bilmirlər. Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, “Mahal” MTK-nın tikinti layihəsi qurum tərəfindən təsdiq olunub. Həmçinin qeyd olunub ki, regionlarda tikinti-söküntü üzrə icazəni yerli icra hakimiyyətləri verir. Şəhərsalma komitəsi yalnız MTK-nın təqdim etdiyi layihəni dəyərləndirib və təsdiq edib. Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bildirir ki, şəhərdə pilot layihələrin bir mərhələsi olaraq aparılan yenidənqurma işləri üzrə tikinti aparılması üçün Mahal MTK-ya 4-cü məhəllə ərazisində tikintiyə icazə verilib, lakin sakinlərlə razılıq əldə olunmadan heç bir söküntü işləri aparıla bilməz. Görünür sakinlərə istədikləri məbləği vermək istəməyən “Mahal” MTK onların tələblərini yerinə yetirməyi yox, gözlərini qorxutmağı çıxış yolu seçib. Əmlak ekspertləri isə deyir ki, ilk olaraq sakinlərə qanunlar çərçivəsində bir il öncədən söküntü tikinti haqqında məlumat verilməlidir və problemlər razılıqla həll olunmalıdır. Hüquqşünas Şamil Paşayev də bütün hallarda mülkiyyətçilərə ədalətli kompensasiya verilməli olduğunu deyir. Qeyd edək ki, Sumqayıt şəhəri ikinci dünya müharibəsindən sonra salınmış şəhərdir. 75-ci yaşına yenicə qədəm qoyan şəhərdə istismar müddətini başa vuran kifayət qədər bina var. Ümid edirik ki, pilot layihələrin icrası yalnız şəhər mərkəzini yox, ətraf qəsəbələri və yaşayış massivlərini də əhatə edəcək. Xədicə Səxavət, Əli Əliyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR