Ağ və qara dillərin simfoniyası – QARMON

# 19:16
21 noyabr 2016

İlahinin təqdiri, insan əlinin zəhməti ilə yaradılan hər bir şey bizə müxtəlif emosiyalar bəxş edir. Musiqi alətlərinin səsi isə bir başqadır. Elə qarmonun səsini, bu alətdə ifa olunan musiqiləri yada salaq. Qarmonun el şənliklərinin vazkeçilməz atributuna çevrilməsi, ansamblların tərkibində yer alması bu alətə olan sevgi ilə bağlıdır.

 

Milli olmayan elə musiqi alətləri var ki, Azərbaycanda özünəməxsus inkişaf yolu keçib. Belə alətlərdən biri də qarmondur. Qarmon klavişli, körüklə səsləndirilən nəfəs alətləri qrupuna daxildir. Bu tipli alətlərin vətəni qədim Çin sayılır. Qarmon əvvəlcə nəfəsli alət olub, yəni üfürülmə yolu ilə ifa olunub. Bu alətin qat-qat formada olan orta hissəsi havanın yerdəyişməsinə əsasən hərəkət edir. Qarmon ilə dəfə alman tacirləri tərəfindən uşaq oyuncağı kimi satılıb. Bu oyuncaqdan çıxan səslər 1821-ci ildə alman saatsaz Fredrix Buşmanın diqqətini cəlb edib və o, 1822-ci ildə bunun əsasınsa dodaq qarmonu yaradıb.

 

XIX əsrin sonlarında Bakıda içərişəhərli qarmonçalan Seyid Həsən mükəmməl qarmon çalırmış. Xeyli şagird yetişdirən bu şəxs ölkəmizdə qarmon ifaçılığının inkişafına böyük töhfələr verib. Şuşalı çəkməçi Hüseyn də Azərbaycanın tanınmış qarmon ifaçılarından sayılır. O, oğlu Lətifə qarmon çalmağı öyrədir, Kərbəlayi Lətif isə sonradan nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmonçalan kimi məşhurlaşır.

Sonradan kor Əhəd qarmonu xalqımıza sevdirməyi bacarır. Üzeyir Hacıbəyli “Arşın mal alan”ın sonuncu toy pərdəsində tanınmış qarmonçalan Kor Əhədin ifasında “Tərəkəmə” rəqsindən istifadə edib, sonra bu şəxsi qarmonçalan kimi opera teatrına işə götürüb. Üzeyir bəy həmçinin qarmonu notlu xalq çalğı alətləri orkestrinin tərkibinə də daxil edib. Lakin sonralar qeyri-müəyyən səbəblərdən qarmon orkestrin tərkibindən çıxarılıb. Əhəd Əliyevin tələbəsi olmuş Teyyub Dəmirov da tanınmış qarmon ifaçısı olub.

 

Qarmonun Tula, Boloqoy, Saratov, Vyana, Sibir, tatar, gürcü, Azərbaycan qarmonu adlanan növləri var. XIX əsrin sonlarından azərbaycanlı qarmon ifaçılarının sifarişi ilə yeni növ qarmon yaradılıb və bu alət Azərbaycan qarmonu adlandırılıb. Qarmon alətini milliləşdirmək üçün ustad sənətkarlarımız alət üzərində bir sıra uğurlu islahatlar aparıblar. XX əsrin əvvəllərindən etibarən Bakıda peşəkar, təcrübəli qarmon düzəldən ustalar meydana çıxıb. Onların əksəriyyəti rus millətinin nümayəndələri olublar ki, ən məşhuru da malakan Arxip Karpuşkin sayılırmış. Bakı şəhərində ilk yarımpərdəli qarmonu da Əhəd Əliyevə məhz Arxip Karpuşkin hədiyyə edib.

 

Ölkəmizdə qarmon alətinin mahir ifaçılarından sayılan əməkdar artist Zakir Mirzəyev bu alətdə ilk dəfə simfoniya çalıb. Tofiq Bakıxanovun tar və simfonik orkestr üçün “Konsert”ini qarmonda peşəkarlıqla ifa edən Zakir Mirzəyevin bu əsəri radionun “Qızıl fond”unda qorunur. Zakir Mirzəyev deyir ki, bu simfoniyanı ifa etdikdən sonra dünyanın bir çox ölkələrindən təşəkkür və təbrik məktubları alıb. Ömrünün çoxunu qarmonla dostluq edən və bu aləti övladı qədər sevən qocaman sənətkarın ifaçılığa gətirdiyi yeniliklərdən biri də qarmonu sağ və sol əllərlə dəyişik formada ifa etməkdir. Bunu yalnız Zakir Mirzəyev bacarır.

 

Sənətkar hesab edir ki, qarmon ifaçılığı Tanrı tərəfindən verilən xüsusi vergidir. Qarmonu ilk dəfə 8 yaşında əlinə alan kimi Zakir Mirzəyev bu aləti Əhəd Əliyevin, Teyyub Dəmirovun və Məmmədağa Ağayevin ifasında sevib: “Bu alətin mahir ifaçısı olmaq üçün gün ərzində 8-10 saat işləmək lazımdır. Bu alətdə çalmaq üçün onun üzərində işləməlisən. 74 yaşındayam, indi də gündə 2 saat qarmonda ifa edirəm.

10 yaşımdan 17 yaşına qədər bütün festivallarda birincilik qazanırdım. Əfrasiyab Bədəlbəyli mənə deyirdi ki, sən 30 il sonranı çalırsan. O yaşda o cür ifa etmək mümkünsüz idi və o səbəbə də təəccüb qalırdılar”.

 

Qarmon ifaçılığında xalq artisti Aftandil İsrafilovun xüsusi yeri var. Onu milli qarmon ifaçılığımızın bayraqdarı da adlandırırlar. Sənətkar milli qarmon ifaçılığına tremolalı yol gətirib. Aftandil İsrafilovun sözlərinə görə, onun musiqiyə gəlməsinə Cabbar Qaryağdıoğlunun hədiyyə etdiyi fortepiano səbəb olub. 4-5 yaşlı Aftandil fortepianoda müxtəlif musiqilər çalaraq, musiqi duyumu olduğunu anlayıb: “Qarmonun səsi çox şirin gəlirdi. Uşaq yaşlarımdan alətə sevgim o qədər böyük idi ki, həyətdə oynayanda belə beynimə hansısa musiqi gəlirdisə, evə gedib həmin musiqini ifa etməli idim”.

 

A. İsrafilov bildirir ki, hazırda Azərbaycanda elə bir toy ola bilməz ki, orada qarmon ifa olunmasın: “Başqa alətlərin bəziləri olmaya bilər, amma qarmon həmişə olmalıdır. Qarmon aləti elə bir alətdir ki, bir məclisi tək bu alətlə yola vermək olar. Qarmonda oyun havası da ifa etmək olar, lirika da, muğam da çalmaq olar. Qarmonun vacibliyi illərlə sübut olunub”.

 

Sənətkar qarmonda mükəmməl ifanı bu alətə sevgi ilə əlaqələndirir və deyir ki, bu alətin səsinin kövrəkliyi onun çox xoşuna gəlir. Düz 50 ilə yaxındır ki, Aftandil İsrafilovun barmaqları gördüyünüz bu qarmondakı ağ və qara klavişlər üzərində xarüqələr yaradır. Bu qarmon ona atasından hədiyyədir: “Qarmonun son tinini gərək sol ayaq aparıb-gətirsin. Gərək ifa zamanı melodiya tam olaraq düzgün ifa edilsin və bütün pərdələrin səsi gəlsin”.

 

O da maraqlıdır ki, bir çox qarmon ifaçılarımız not bilmədən bu aləti mükəmməl ifa etməyi bacarırlar. Bu da İlahidən gələn istedad və bacarıqdır. Ömrünün çox hissəsini qarmon düzəltməyə sərf edən usta Vaqif Bağırov, Azərbaycan qarmonunun düzəlmə prosesini əyani şəkildə nümayiş etdirir. Azərbaycan qarmonu Rusiya və Almaniya qarmonlarından həm də plankasına görə fərqlənir.

 

Usta deyir ki, keyfiyyətli, üzərində əl işləmələri olan qarmonun hazırlanması üçün 6 ay vaxt lazımdır. Qarmonun yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarətdir: “Qarmonun gövdəsi üçün cökə ağacı məsləhətdir. Gövdə hazır olduqdan sonra sədəflə işlənilir və qara tuşla rənglənir”. Sonrakı mərhələdə qarmonun deka kamerası yığılır. Deka kamera mükəmməl hazırlanıbsa, vibrasiyası və səsi güclü olur. Bu da qarmon alətinin keyfiyyətli tembrinə rəvac verir. Azərbaycan qarmonunun korpusu əvvəllər çox iri, həm də kobud olub. Sənətkarlarımız gövdəni xeyli yığcamlaşdırıblar ki, çəkisi yüngülləşsin. Azərbaycan qarmonunun ümumi kökü də digər növlərdən fərqlənir. Əsas melodiya sağ əllə çalınır. Gövdənin sağ tərəfində 30 müxtəlif yüksəklikli dillər var ki, bunların 18-i ağ, 12-si isə qara rənglidir. Azərbaycan qarmonunun bir özəlliyi də odur ki, gövdənin sol tərəfində harmonik səsləri ifa etmək üçün sağ tərəfdə olan hər səsə uyğun düymələr düzülüb. Son illər bir sıra virtuoz ifaçılar, xüsusən Zakir Mirzəyev, Aftandil İsrafilov, Ənvər Sadıqov sol əlin imkanlarını artırıblar. Gövdəyə uyğunlaşdırılan körüyün üzəri dəri materialla işlənilir. Qarmonun içində iki daxili mikrofon olur ki, bu da alətdə səsləndirməyə kömək edir. Körük açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı boşluqdan keçərək həmin metal lövhələri titrədir. Bu zaman, vibrasiya olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır. Qarmonun diapazonu I oktavanın "do" səsindən III oktavanın "fa" səsinə qədərdir. Vaqif usta deyir ki, mükəmməl qarmon düzəltmək üçün ustası olduğun alətdə ifa etməyi bacarmalısan.

 

Azərbaycan qarmonunun diapazonu 2,5 oktava həcmindədir. Şərq səsdüzümlü qarmonlarda hər oktavada “si” ilə “do” və “mi” ilə “fa” səsləri arasında əlavə qara dillər qoyulub, yəni yarımtondan kiçik səslər yerləşdiriblər. Beləliklə, qarmonun qara dillərinə daha 5 dil əlavə olunaraq sayı 17-yə çatdırılıb, alətin dillərinin ümumi sayı isə 35 olub. Şərq melodiyaları belə qarmonlarda daha gözəl səslənir. Sədəflə, əl işləmələri ilə işlənən, mükəmməl səsi olan Azərbaycan qarmonunun orta qiyməti 5 min manatdır.

 

Qarmon ifaçılığı əvvəllər qadınlar arasında da geniş yayılıbmış. Azərbaycanda Xədicə Musaxanova, Kamrabəyim, Əsbənd Zeynallı, Məryəm Məhərrəmova, Qızxanım Dadaşova, Gövhər Rzayeva, Gülbahar Şükürlü kimi xanımlar qarmon ifaçılığında öz sözlərini deməyi bacarıblar. Qadın üçün qarmon ifa etməyin çətinliyinin nədən ibarət olduğunu isə əməkdar artist Gövhər Rzayeva nəql edir: “Musiqi məktəbinə getmişəm. Evdə isə müəllimim Bədəl Bədəlov olub. Bu aləti beyin və ürəklə ifa edirik. Uşaqlıqda qarmona gücüm çatmayıb, hətta ifa zamanı alətin arxasından belə görünmürdüm. Sözsüz ki, qarmonda ifa etmək çox böyük güc və sevgi tələb edir”. 42 ildir qarmonda ifa edən Gövhər xanım bildirir ki, hətta kişi ifaçılarla duelə də çıxıb, Aftandil İsrafilov, Zakir Mirzəyevlə birgə məclislərdə duet ifa edib.

 

Dövrümüzdə qarmonu bizlərə daha da sevdirən mükəmməl və fərqli ifalar az deyil. Məsələn, Ənvər Sadıqovun ifası. “Qarmon mənim üçün ən yaxın dostum kimi çox doğmadır. Həyatımda mənimlə yol yoldaşı olan bir alətdir. Sevimli və əzizdir” deyir Ənvər Sadıqov: “Uşaqlıqdan çox fərqli musiqilərə qulaq asmışam. Müxtəlif musiqilərə qulaq asırdım, xarici klassikaya qulaq asırdım. Eyni zamanda qarmon sənətkarlarımızla bərabər, fortepianoda Vaqif Mustafazadənin ifalarını dinləyərdim. Özüm üçün axtarırdım ki, bu musiqinin harmonik həlli nədir. Bu elə bir hissdir ki, özündən gəlir və bunu etməsəm mümkünsüzdür. Dostlarım həmişə deyirdilər ki, sən nə etmək istəyirsən. Qarmonda etdiklərim özümdən asılı deyil”.

 

Hər musiqi alətinin imkanları geniş olduğu kimi, qarmon alətinin də özünəməxsus geniş imkanları var. Sənətə və alətə olan sevgi sözsüz ki, ifaçını bu alətdə yeniliklərə sövq edir: “Bizə qədər qarmonda səs 2,5 oktava idi. Amma mən fikirləşirdim ki, bunu bəmə doğru artırmaq lazımdır. Klassik, texniki əsərlərə müraciət edəndə fikir verirdim ki, səs çatmır. “Do”dan başlayırdısa, indi “fa”dan başlayır. Məsələn, burada diapazon var və istədiyin ifanı almaq üçün “fa”dan başlamaq mütləqdir”.

 

Sənətkarın qarmonda etdiyi bu yenilik sayəsində klaviatura bir oktava zilləşib. Qarmonda “Nəva” muğamını da ilk dəfə Ənvər Sadıqov ifa edib və bu da qarmon ifaçılığına bir hədiyyədir. Ənvər Sadıqov qarmonla dünyanın bir sıra ölkələrində çıxış edib, Alen Delon  kimi neçə-neçə məşhurları Azərbaycan musiqilərinin sehrinə salmağı bacarıb: “Düşünürəm ki, aləti hiss eləmək lazımdır. Qarmon aləti içərisində tənəkələrdən ibarətdir. Soyuqdan və nəmişlikdən qorunmalıdır. Gərək ifaçı aləti hiss etsin ki, onu incitməsin”.

 

Sözsüz ki, hər bir musiqi alətinin milli folklorun bir parçası olması birbaşa sənətkarların əməyi ilə bağlıdır. Qarmon da bu qəbildəndir. Bu gün Azərbaycan musiqisində özünəməxsus yeri olan qarmon alətinin gələcəkdə də milli musiqimizdə öz yerini qoruması ifaçılardan asılıdır. Məhz buna görə də qarmon ifaçıları xalqımızın musiqi yaddaşında bu alətin daha da möhkəmlənməsi üçün yorulmadan çalışırlar.

 

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR