Zahid Oruc: "Vidadi İsgəndərli ilə bağlı Fransaya xəbərdarlıq edilməlidir"
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun hesabatı təqdim olunub.
APA TV -nin məlumatına görə, hesabatı daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazov təqdim edib.
V.Eyvazov deyib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.
O bildirib ki, qurbanların 68-i Azərbaycan, 2-si Rusiya, 1-i Ukrayna vətəndaşı olub: “Onlardan 43-ü istismar məqsədilə Türkiyə Respublikasına, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb”.
Milli koordinator qeyd edib ki, insan alveri qurbanlarının 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub, hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib.
Hesabatın müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqayisədə qat-qat üstədir: “Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Amma buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə, deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub”.
Deputat Zahid Oruc təklif edib ki, Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətə xəbərdarlıq edilməlidir. Çünki Vidadi İsgəndərli Azərbaycanın dövlət adamları və övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir: “Hesab edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insan alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz".
Deputat Fəzail Ağamalı da çıxışında bəzi problemləri qeyd edib: “Azərbaycana turist sifəti ilə gələnlər içərisində bəzən kifayət qədər mədəni, əxlaqlı şəxslərlə yanaşı, bu və ya digər ölkənin tör-töküntüləri də olur. Hesab edirəm ki, bu cür insanlara qarsı qanunvericilikdə müəyyən addımlar atılmalıdır. Həmin insanlar ölkəmizdən deportasiya edilməlidir”.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.