11 yaşında ana olan qızın sonrakı aqibəti necə olacaq? - TƏFƏRRÜATLAR

# 12:43
2 noyabr 2021

“İmişlidə 11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxs qısa müddət ərzində müəyyən edilərək saxlanılıb”.  

 

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

Respublika Klinik Xəstəxanasının mamaginekoloqu Şəhla Musayeva isə deyir ki, körpə və ananın vəziyyəti dəyişməz olaraq qalır: “Vəziyyəti normaldır, palataya köçürmüşük. Əməliyyatdan sonra reanimasiyada oldu. İndi hazırda köçürmüşük palataya. Yəqin ki, 4 gün heç bir problem yaranmasa, tərxis olunacaq, çıxarılacaq”.

 

Xəstəxanadan çıxdıqdan sonra “Azərbaycan uşaqları” ictimai birliyinin sədri Kəmalə Ağazadə 11 yaşlı qızı birlik nəzdində fəaliyyət göstərən sığınacağa gətirməyi düşünür. Artıq qəyyumluqla bağlı lazımi sənədlərin qaydaya salınmasına başlandığını deyən İB sədri məhkəmənin rəsmi qərarından sonra azyaşlını himayəyə almaq niyyətindədir. O ki qaldı, ailənin razılığına: “Ailə razıdır. Ailə razı olmasa belə, bu gün Azərbaycan qanunvericiliyi bizə icazə verir ki, ailə razı olmasa belə, valideynlik hüquqları məhdudlaşdırılsın”.

 

Kəmalə Ağazadə deyir ki, hadisədən xəbər tutduqdan sonra azyaşlının əmisi və bibisi ilə də əlaqə saxlayıb. Lakin hər iki tərəf zərərçəkmiş qızı və onun qardaşını himayəyə götürməkdən imtina edib. Onun sözlərinə görə, hətta azyaşlının anası Günay Şükürova da sığınacağa gətirilə bilər. Lakin onun valideynlik hüququndan məhrum edilmə ehtimalı məsələni qəlizləşdirir: “Valideyn qədər dövlət də uşağın qəyyumudur. Bu gün dövləti regionda kim təmsil edir? İcra hakimiyyəti. İcra hakimiyyəti yanında qəyyumluq komissiyası var. Həmin komissiyanın qərarı ilə uşağın kimə verilməsi artıq gündəmdədir. Cinsi zorakılığa məruz qalmış və ictimailəşmiş uşaqlar ailələrə lazımlı deyil. O uşaq hər zaman qınaq obyektinə çevrilməməlidir. O zərərçəkəndir”.

 

Azyaşlının reabilitasiyasına başlamağı planlaşdıran sədr problemin gələcək izlərinin aradan qaldırılması üçün istər 11 yaşlı qızın, istərsə də onun qardaşının travmalardan qorunmalı olduğu qənaətindədir.

 

Mir Çingiz Ağazadə,

Musa Qulammirzəyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR