15 minə yaxın əhalini mərkəzlə birləşdirən yol bərbad vəziyyətdədir

# 15:49
2 fevral 2022

Göyçayda 15 minə yaxın əhalinin rayon mərkəzinə yeganə gediş yolu tam dağılıb.

 

APA TV-nin yerli bürosunun  verdiyi xəbərə görə, Bakı-Qazax magistralı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunu birləşdirən və Göyçayın ucqar ərazisində yerləşən 10-dan çox kəndin əhalisinin rayon mərkəzinə yeganə gediş-gəliş yolu olan Qaraməryəm-İnçə-Alpout-Müsüslü avtomobil yolu bərbad hala düşüb.


Ötən əsrin 80-ci illərində istifadəyə verilən yolun son 5 ildə tam yararsız hala düşməsi  sakinlərin narazılığına səbəb olub. Sakinlər deyir ki,  Bakı-Qazax magistral yolunun yenidən qurulması zamanı Qaraməryəm-Müsüslü yolu ilə müntəzəm olaraq ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində yolun asfalt örtüyünün dağılması prosesi sürətlənib, yolda iri çalalar əmələ gəlib. 22 kilometr uzunluğu olan nahamar və çala-çuxurlu yoldan istifadə edən sürücülər yoldakı vəziyyətdən təngə gəliblər.

 

Göyçayın ən böyük kəndlərindən biri olan İnçə kəndində yolun bu vəziyyəti

gediş-gəliş qiymətlərinin 10 dəfə bahalaşmasına səbəb olub. Yayda toz, qışda palçıqdan keçilməz olan bu yolun kənarında 5 kəndin orta məktəbi yerləşir. Kənd sakinləri və sürücülərlə yanaşı məktəblilər də yollardan bezar olub.

 

Yaşanan vəziyyətdən cana doyan sakinlər deyir ki, yolun yenidən qurulması üçün dəfələrlə lazımı qurumlara müraciət etsələr də heç bir nəticə əldə edə bilməyiblər. Yerli sakinlərin şikayətli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Anar Nəcəfli APA TV-nin yerli bürosuna bildirib ki, məsələdən xəbərdardırlar, yolun yenidən qurulması üçün layihə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.  

 

Görünən odur ki, sakinlər hələ uzun müddət bu məşəqqətli yolda cəfa çəkməyə məcbur qalacaqlar.

 

Şahnəzər Bəşirov-APA TV-Göyçay

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR