1929-cu il xəritəsində nə var? - Ermənistan-Azərbaycan görüşünün detalları – APA TV

# 17:46
13 oktyabr 2022

“Sentyabrın 27-də Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdə sülh sazişinin imzalanması və sərhədlərin demarkasiyası barədə razılıq əldə olunub”.

 

APA TV xəbər verir ki, bunu yerli kanala müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib: “Biz sülh müqaviləsinin qrafikini, yəni ilin sonuna qədər sülh müqaviləsinin olmasını, həmçinin delimitasiya məsələsini müzakirə etdik. Delimitasiyanın ilin sonuna kimi baş tutması razılaşdırılıb. Yəni delimitasiya və sülh sazişi bir-biri ilə əlaqəlidir”.

 

Armen Qriqoryan sərhədlərin demarkasiyasının 1929-cu ilə aid xəritə əsasında həyata keçiriləcəyini deyib. Şura katibi sülh müqaviləsi və sərhədlərin demarkasiyası məsələlərindən əlavə, Qarabağdakı ermənilərdən də danışıb və əlavə edib ki, bu məsələ də Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdə müzakirə olunub: “Biz Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının qorunması üçün beynəlxalq mexanizm yaratmağı da müzakirə etdik. Ümid edirəm ki, üçtərəfli iş humanitar məsələlərin həlli, regional sabitlik və sülh üçün müsbət nəticələr verəcək və bütün razılaşmalar yerinə yetiriləcək”.

 

Maraqlıdır ki, razılaşdırılmış məsələ barədə hələ rəsmi sənəd ictimaiyyətə açıqlanmayıb. Amma Ermənistan mətbuatının verdiyi məlumata görə, sənəddə Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib. Qarabağda yaşayan ermənilər öz haqlarını yalnız Bakının xüsusi nümayəndəsi ilə müzakirə edə biləcəklər. O da qeyd olunub ki, məhz bu sənəd oktyabrın 6-da Praqada Paşinyan, Əliyev və Ərdoğan arasında danışıqların əsas mövzusu olub.

Xatırladaq ki, bu ilin sentyabrın 27-də ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.

 

Fuad Sadıqov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR