Sərnişinlərə ölüm gətirən dayanacaqlar - GÜNAHKAR KİMDİR?

# 18:21
19 oktyabr 2021

Son vaxtlar Bakıda avtobus dayanacaqlarının sayı artırılsa da, bu, problemdən çıxış yolunu deyil, özü ilə əlavə problem gətirdi. Belə ki, avtobus dayanacaqlarının yol kəsişmələrinə və maşın yoluna yaxın quraşdırılması qəzalara səbəb olur ki, bu da həm sürücülərin həm də piyadaların həyatını riskə atır. Elə bir neçə gün öncə Mərdəkan yolunda baş verən ağır qəzada da dayanacaqda avtobus gözləyən 4 nəfər həyatını itirdi.

 

Paytaxt sakinləri də dayanacaqların avtomobil yoluna yaxın quraşdırıldığından narazıdırlar. Onların sözlərinə görə, avtobus dayanacaqları yolların quruluşuna görə olmalıdır. Sakinlər deyir ki, sərnişin çox olan yerlərdə dayanacaqların ölçüsü geniş olmalıdır, çünki sıxlıq yarandıqda piyadalar yolun hərəkət hissəsinə keçirlər və təhlükə yaranır.

 

Bəzi şəhər sakinləri isə düşünür ki, dayanacaqların yola yaxın olması düzgün deyil, yolla dayanacaq arasında məsafə olmalıdır.

 

Bakı Nəqliyyat Agentliyi də problemin fərqindədir. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, paytaxtda standartlara uyğun olmayan, nəqliyyat axınına maneə yaradan, eləcə də sərnişin daşımalarının təhlükəsiz təşkili baxımından risk hesab edilən dayanacaq məntəqələri var: “Bu dayanacaq məntəqələri Bakı Nəqliyyat Agentliyindən əvvəl quraşdırılıb və həmin dayanacaqlarla bağlı çatışmazlıqların aradan qaldırılması üçün işlər davamlı olaraq görülməkdədir. Qeyd etmək istərdim ki, görülən tədbirlər nəticəsində artıq 20-yə yaxın ünvanda yerləşmə yerinə görə və digər parametrlərinə görə tələblərə cavab verməyən avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Yolların yenidənbərpası çərçivəsində, eləcə də fərdi qaydada dayanacaqların yenidən tələblərə uyğun təşkil olunması istiqamətində işlər isə davamlı olaraq aparılır”.

 

Ekspert Elməddin Muradlı deyir ki, yaşıllıqları korlamadan mümkün qədər avtobus dayanacaqlarını yolun hərəkət hissəsindən kənarlaşdırmaq, yəni cib tipli dayanacaqlar qurmaq lazımdır: “Bütün dünyada bu proses həyata keçirilir, avtobus dayanacaqları mümkün qədər yolun hərəkət hissəsindən kənarlaşdırılır. Hətta bəzi ölkələrdə dayanacaqlar elə qurulub ki, iki avtobus yan-yana dayana bilir. Əgər cib tipli avtobus dayanacaqlarda əlverişli effekt vermirsə, təhlükə yaradırsa, bir neçə metrdən sonra birini da yaratmaq olar, yetər ki, avtobus yolun hərəkət hissəsində qalmasın. Biz bir neçə gün bundan qabaq baş verən qəzada da, hadisə yerinin təhlilində də görürük ki, avtobus sağa çıxsa belə ikinci avtobus gəlsə yolun hərəkət hissəsində qalır. Belə hallarda isə qəza qaçılmaz olur. Buna görə, sürət həddi çox olan yerlərdə avtobus dayanacağını yolun hərəkət hissəsindən kənarlaşdırmaq lazımdır”.

 

Ekspert hesab edir ki, avtobuslar arasında digər problemlərdən biri də intervalın düzgün qurulmamasıdır. Belə ki, vaxtında gəlməyən avtobuslar səbəbindən dayanacaqda sərnişinlərin sayı çoxalır. Bu sıxlıq səbəbindən isə piyadalar yola çıxırlar ki, bu da qəzaları qaçılmaz edir.

 

 

 

Nuranə Tofiqli,

Faiq Həsənov,

Üzeyir Ağayev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR