27 ildən sonra Şəhidlər Xiyabanını təhlükəsiz ziyarət etmək mümkün oldu

# 16:13
9 noyabr 2021

Bəli, 27 il sonra Ağdamın Başqərvənd kənd qəbiristanlığını indi təhlükəsiz şəraitdə ziyarət etmək mümkündür.

Ağdam rayonunun Başqərvənd kəndi Birinci Qarabağ müharibəsində Ağdamın sonuncu işğal edilmiş kəndi idi. 1994-cü il aprelin 26-da erməni terrorçuları kəndi ələ keçirmişdilər. Qeyri-bərabər döyüş zamanı işğalçıların qarşısını kənd qəbiristanlığı yaxınlığında almaq mümkün olmuşdu. Kənd qəbiristanlığı düşmən hədəfində olsa da, Başqərvənd sakinləri bu torpaqlara qayıdacaqlarına tam inandıqlarına görə, vəfat edən yaxınlarını burada dəfn etməyə davam edirdilər. Düşmən isə öz xislətindən əl çəkmir dəfn mərasimləri zamanı, eləcə də qəbiristanlığı ziyarətə gələnləri atəşə tuturdu. Hətta burada düşmən gülləsindən yaralananlar da az deyildi.

44 günlük Vətən Müharibəsinin Zəfərlə başa çatmasından sonra buranı təhlükəsiz şəkildə ziyarət mümkün olub. Başqərvənddə ilk abadlıq quruculuq işləri də məhz bu qəbiristanlıqda, şəhidlərin məzarlarının bərpasıyla başlayıb. O məzarlar ki, əksəriyyəti erməni hərbçilərinin təmas xəttini atəşə tutması nəticəsində ciddi zərər görmüşdü.

Şəhid qardaşı İsrayil Zeynalov deyir ki, Qarabağın azad edilməsində əziyyət çəkən hər kəsə minnətdarıq: ”Ali Baş Komandan başda olmaqla bütün Qarabağın azad edilməsində əziyyət çəkən insanların hamısına öz təşəkkürümüzü-minnətdarlığımızı bildiririk. Bu günə şükür ki, biz arxayın gəlib öz şəhidlərimizi ziyarət edirik. Bu günə şükür ki, biz öz torpaqlarımızı – Qarabağ torpaqlarımızı mənfur düşməndən azad etdik”.

Qazi, şəhid qardaşı Fərman Hüseynovun qardaş da məhz bu qəbiristanlıqda dəfn olunub: ”1994-cü ildə bir qardaşım şəhid oldu, burada dəfn olundu. Biz bura çox vaxt gələ bilmirdik. Neçə illər erməni çox yaxında idi, gələ bilmirdik. İndi Allaha şükür hər şey çox rahatdır. Ali Baş Komandanın əmrinə əsasən Dağlıq Qarabağ, o cümlədən ermənidə olan bütün Azərbaycan torpaqları azad edildi. Biz bura çox rahat gəlib gedə bilirik. Anam çox əziyyət çəkdi bura gələ bilmirdi. İndi şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin, qazi, veteran qardaşlarımıza can sağlığı versin”.

İndi bu qəbiristanlıq bərpadan sonra ziyarətçilərin istifadəsinə verilib. Mərasimdə bildirilib ki, Qarabağ müharibəsində Başqərvənd sakinləri də fəal iştirak edib və 23 nəfər ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ehtiyatda olan zabit Elşən Zeynalov bu gün qürurlu olmağımızı şəhid və qazilərimiziə borcluyuq deyir: ”Bizə, əlbəttə ki, sevinci yaşadan bizim şəhidlərimizdi, ordumuzdu, bizim qazilərimizdir. Biz onlara, şəhidlərimizin ruhu qarşısında baş əyirik və xalqımıza minnətdaram ki, ordu ilə xalq bir oldu və biz 30 il işğal altında olan torpaqlarımızı azad etdik və alnı açıq, üzüağ bir mərd övladlar kimi gəzə bilərik”.

Bundan başqa, bərpa edilən Şəhidlər Xiyabanının ətrafında burada dəfn edilmiş hər şəhidin xatirəsinə bir ağac əkilib.

 

Elgün Gəncimsoy,

Arzu Quliyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR