3 manata kənddən çıxır, Bakıda 10 manat olur - Çiyələk niyə bu qədər bahadır?

# 21:06
14 aprel 2022

Azərbaycanda çiyələk sevməyən çox az insan tapılar. Ancaq mövsümü olmasına baxmayaraq, bazarlarda bu giləmeyvənin qiymətini öyrənənlərin ağızlarının dadı qaçır.

Bundan sonra isə istər-istəməz ağıla bir sual gəlir: Görəsən çiyələk fermerin təssərüfatından bazara gələnə kimi niyə bu qədər bahalaşır?

Sualımıza cavab tapmaq üçün ilk olaraq bazarlara baş çəkdik. “Yaşıl bazar”dakı satıcıların sözlərinə görə, məhsulu baha aldıqları üçün aşağı qiymətə sata bilmirlər.

Hazırda bazarda çiyələk 9-10 manata satılır.

Satıcı Nailə Həsənova deyir ki, yaxşı çiyələyi topdan 7,50 manatdan alır, 8-8.5 manata satırlar.

Digər staıcı Akif Xəlilov isə çiyələyi 6 manata alıb, 7 manata satdıqlarını söyləyir.


Bazarda qəribə vəziyyət də müşahidə etdik. Satıcı sayı alıcı sayından çox idi. Satıcıların sözlərinə görə, meyvə alan yoxdu deyə, məhsulların yarısı axşama qədər xarab olur.

Maraqlıdır, görəsən bütün bazarlarda çiyələyin qiyməti bu qədər yüksəkdir? Bunu öyrənmək üçün paytaxtın digər bazarına üz tuturuq.

“8-ci kilometr bazarı”nda satıcılar dedilər ki, çiyələyin alış qiyməti 3.5-4.5 manatadır. Ən aşağısı 5 manata satırlar:

Alıcılar isə qiymətlərin yuxarı olmasından şikayətçidirlər.

Maraqlıdır, bütün bazarlardakı satıcıların çiyələyin qiymətinin bu qədər yüksək olmasının səbəbini məhsulu yetişdirən sahibkarlarda görür.

İllərdir çiyələk istehsalı ilə məşğul olan sahibkar Ehtiram Hacıyev isə deyir ki, çiyələyin hazırda tez yetişən növləri bazarlara çıxarılır. Bu növlər isə az məhsul verir. Gec yetişən növlər bazarlara gəldiyi ayda qiymətlərdə enmə gözlənilir.

Onun sözlərinə görə, məhsulu cəmi 3-4 manat verirlər. Bazarlarda 5 manata satılması normaldır. Lakin 10 manat həddindən artıq yüksək qiymətdir.  

Sonda belə bir nəticəyə gəlmək olar ki, fermerlərin 3-4 manata satdığı məhsulun üzərinə yol xərclərinin, topdan satış yerlərində 1 manat əlavə satış qiymətinin qoyulması nəticəni xeyli dəyişir. Çiyələyin 5 və yaxud 10 manata satılması isə satıcıların kirayəyə götürdüyü piştaxtanın aylıq xərcindən aslıdır. 

“Ucuz ətin şorbası olmaz” deyib, atalarımız. Görünür bu mövzuda ət eyni ətdi, amma bişdiyi qazanlar fərqlidir. Yoxsa bu bazardan o biri bazara çatana qədər niyə 5 manat fərq yaransın ki?

 

Semral Cavad
Ceyhun Mustafayev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR