7 yaşlı uşaq babasını xilas etmək istəyərkən yanaraq öldü - TƏFƏRRÜATLAR
Masallıda baba və nəvənin yanaraq ölməsi ilə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub.
APA TV-nin cənub bürosunun verdiyi xəbərinə görə, rayonun Güllütəpə kəndində baş verən yanğın zamanı 1962-ci il təvəllüdlü Allahverən Nəzərov və onun nəvəsi 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yatmış vəziyyətdə olublar. Yaxınlarının sözlərinə görə, baba və nəvə ayılsalar da evdən çıxa bilməyiblər:
- Heç ağlımıza da gəlmir ki, nədən ola bilər. Ev də təzə təmir olunmuş evdir, orada qısaqapanma deyim, nə deyim, mən özüm də şokdayam bu dəqiqə. Heç məlumatımız yoxdur. Qardaşım özü də şokda olub, bu səs nədir, özü də anlamayıb, ancaq ona cəhd edib ki, uşağı qurtarsın, elə özü də yanıb kül olub.
- Özüm hadisə vaxtı evdə deyildim Lənkərana xəstə aparmışdım onda gəldim, iş-işdən keçib. İndi bu dəqiqə heç nəyim yoxdur bir balam vardı, bir atam vardı onlar da həyatda yoxdur, mənim üçün də həyat yoxdur. Yuxarıda atam yatmışdı uşaqlar aşağıda idi. Oğlan qaçıb yuxarı babanı oyatsın, çıxıb üstə babanı oyadıb. Gəlib girib bu otağa ata da çıxıb çölə, düşüb aşağı görüb uşaq yoxdur. O da yuxarı çıxandan sona daha bilmirəm nə olub. Mənə belə dedilər.
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və dam örtüyü yanıb.
FHN - in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov