AFAQ layihəsi çərçivəsində Ağdamda qadın fermerlərə dəstək göstərilib

# 15:51
29 aprel 2021

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Ağdam rayonunda qadın fermerlərlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, AFAQ layihəsi çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən natiqlər qadın fermerlərə göstərilən dəstəyin aqrar sahədə məşğulluğun artmasına müsbət təsir göstərəcəyini bildiriblər.

Qeyd olunub ki, AFAQ layihəsi aqrar sahədə çalışan qadınlara hədəflənib. Layihənin həyata keçirilməsində məqsəd qadınların aqrar fəaliyyətini dəstəkləməkdir. Layihə çərçivəsində göstərilən dəstək qadın fermerlərə texniki avadanlıqlar verməklə yekunlaşmayacaq.

Görüşdən sonra qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib. Həmçinin müvafiq rayon üzrə layihədə iştirak edən 33 qadın fermerə əvvəlcədən müəyyənləşdirilmiş ehtiyaclar əsasında avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Texniki dəstək göstərilən qadın fermerlər arasında Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən mülki yaşayış obyektlərinin atəşə tutulması nəticəsində aqrar infrastrukturu zərər görmüş vətəndaşlar üstünlük təşkil edir.

Qeyd edək ki, bu günədək AFAQ layihəsinə 600-ə yaxın qadın fermer müraciət edib, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb, 10 müxtəlif regiondan olan 35 qadın fermerə dəstək göstərilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR