Ağdama yeni yol çəkilir

# 18:01
13 yanvar 2022

Başlanğıcını Bərdə şəhərindən götürən və erməni işğalından azad olunan Ağdama çəkilən yeni yolun tikintisi sürətlə davam edir. Uzunluğu 44,5 kilometr olacaq Bərdə-Ağdam avtomobil yolunun 14 kilometrlik hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçəcək. Ümumilikdə isə Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

 

Tikinti işləri hazırda Bərdənin Şirvanlı kəndindən keçən hissəsində aparılır. Yeni yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

 

Şirvanlı kəndi ərazisində yolun çəkilişi ilə yanaşı, sakinlərin qaz, işıq, rabitə və su xətləri də yenisi ilə əvəz olunur. Yaranan müvəqqəti çətinlik isə kənd sakinlərini narahat etmir.

 

Bərdə-Ağdam avtomobil yolu, Ağdam şəhərində yeni çəkilən Füzuli-Ağdam  yoluna birləşəcək. Füzuli rayonu ərazisində isə, həm Zəfər yoluna qoşulacaq, həm də Zəngəzura çəkilən yeni avtomobil yoluna çıxacaq.  Yeni inşa edilən yolda suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası planlaşdırılır. Körpülərin biri 1 aşırımlı olmaqla uzunluğu 18,2 metr, biri 3 aşırımlı olmaqla uzunluğu 91,3 metr təşkil edəcək. Həmçinin uzunluğu 32,2 metr olan yol ötürücünün inşası da nəzərdə tutulub. Bundan başqa, 1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası həyata keçiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR