DELYAGIN İNTERPOL vasitəsilə axtarışa verildi

# 16:33
30 mart 2022

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mixayıl Delyagin martın 28-də Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə  kütləvi sorğu keçirib.

 

Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Cinayət Məcəlləsinin təcavüzkar müharibəni başlamağa açıq çağırışlar, terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə, və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələrinin tərkib əlamətləri olduğundan barəsində cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. 

 

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixayıl Delyagin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib. 

 

Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib. 

 

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR