Ağdaşda yaşayanlara niyə xəstələnmək olmaz?

# 15:03
5 may 2022

Hesablama Palatasının Ağdaş Mərkəzi Xəstəxanasında avadanlıqların istifadəsiz qaldığını üzə çıxarmasından sonra üz tutduq Ağdaş rayon xəstəxanasına. İstədik soruşaq ki, ay cənab və xanım həkimlər, ay hörmətli xəstəxana rəhbərliyi, bəs necə olur ki, bu qədər vəsait xərcləyib avadanlıq alırsınız, amma vətəndaşlar bundan yararlana bilmir? Təzə gəlin cehizi kimi saxlamısınız. 

 

Sən saydığını say, gör TƏBİB nə sayır. Çəkiliş aparmaq üçün TƏBİB-in mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən APA TV-nin yerli bürosuna bildirildi ki, bütün suallarımıza Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi İntiqam İbrahimov və xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Həsənova cavab verə bilər.

 

Deyilənlərə inanıb üz tutduq xəstəxanaya. Amma adıçəkilən şəxslər çəkiliş qrupumuzun xəstəxanaya gəlişini eşidən kimi qaçıb gizləndilər. Niyə belə elədiklərini soruşanda isə dedilər ki, TƏBİB onlara danışmağa icazə vermir.

 

TƏBİB və Ağdaş xəstəxanası rəhbərliyinin bu "gizlənqaç" oyunu ərəfəsində biz də mikrofonlarımızı şəhər sakinlərinə uzatdıq. Soruşduq ki, ay camaat, bəs bu vaxta kimi həkimsiz, təbibsiz necə yaşamısınız? Cavab verdilər ki, ömür boyu bu xəstəxanada iki qeydiyyatçıdan başqa bir kəs görməyə-görməyə vəziyyətə öyrəşmişik. Onu da dedilər ki, xəstəxanada canlarını etibar edə biləcəkləri həkim yox səviyyəsindədir. 

 

Onu da öyrəndik ki, sən demə, illərdi belə problemlərə görə bu vətəndaşlar dinməzcə müayinə və müalicə üçün kütləvi şəkildə Göyçay, Mingəçevir, Bakı, Qəbələ xəstəxanalarına üzü tuturlarmış.

 

Məsələ ilə bağlı suallarımızı TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanova ünvanladıq. O da dedi ki, yoxlamalar həmişə aparılıb, bu normal haldır.

 

İndi oturaq gözləyək, görək TƏBİB rəhbərinin dediyi tədbir səhiyyə sahəsində illərdi görülən dırnaqarası tədbirlərdənmi olacaq, yoxsa necə? Bu arada, əziz ağdaşlılar, tədbir görülənədək qətiyyən yorğan-döşəyə düşməyin. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR