“Avropa İttifaqı Ermənistanı öhdəliklərə əməl etməyə çağırmalıdır”

# 19:07
13 fevral 2023

BMTM və Brüsseldə fəaliyyət göstərən "New Direction" fondunun birgə təşkilatçılığı ilə “Aİ-Azərbaycan münasibətlərinə baxış” adlı birgə hesabata həsr olunmuş vebinar keçirilib. “New Direction”in icraçı direktoru Vitold Şevili bildirib ki, təmsil etdiyi təşkilat Cənubi Qafqaz və Mərkəzi Asiyanı tədqiq etməkdə çox maraqlıdır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi kontekstində Aİ üçün daha təhlükəsiz yollar tapmaq çox önəmlidir və o, Orta Dəhlizin Aİ-Azərbaycan əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib.  O, nəqliyyat dəhlizləri ilə yanaşı qaza çıxışın da Avropa İttifaqının iqtisadiyyatı üçün çox vacib olduğunu vurğulayıb.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Aİ ilə Azərbaycan, ümumilikdə Xəzər regionu arasında əməkdaşlığı artırmaq üçün böyük potensial var. Onun sözlərinə görə, Azərbaycan bir çox layihələrin, o cümlədən enerji layihələrin təşəbbüskarıdır.  Hesabat barədə danışan F.Şəfiyev əlavə edib ki, bu sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin hansı istiqamətlər üzrə inkişaf edə biləcəyini əks etdirir.

“New Direction” Fondunun əməkdaşı Robert Tayler hesabatın üç hissədən ibarət olduğunu qeyd edib. Belə ki, hesabat “Aİ-Azərbaycan əlaqələri  və Ermənistan-Azərbaycan münaqişəsi”, “Aİ və Azərbaycan əlaqələrində enerji” və “Qlobal çağırışlar şəraitində Orta Dəhliz üçün fürsətlər” başlıqları altında yazılıb.  

BMTM-in şöbə müdiri Vasif Hüseynov Azərbaycan-Aİ əlaqələri, onun qısa tarixi və potensialı haqqında məlumat verib. O, Aİ-nin Cənubi Qafqazdakı sülh təşəbbüslərinə, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarına ciddi töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı o, qeyd edib ki, Aİ Ermənistanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmalı və bunun üçün Yerevana təzyiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR