Avtomobil nömrələri üçün rüsumlar neçə manat qaldırılır?

# 19:54
1 noyabr 2021

Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə, eyni zamanda avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılıb.

APA TV-nin məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.

Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum isə 22 manatdan 30 manata qalxıb. Bundan başqa, avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlar da artırılır. Belə ki, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 üçün - müxtəlif seriya - 1500 manatdan 2000 manata; - eyni seriya - 2500 manatdan 3000 manata; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün - müxtəlif seriya - 1000 manatdan 1500 manata; - eyni seriya: 1500 manatdan 2000 manata; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün - müxtəlif seriya: 500 manatdan 1000 manata; - eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Sürücülük vəsiqəsi, eləcə də avtomobilinə nömrə nişanı almaq istəyən vətəndaşlar isə rüsumların artırılmasından narazıdır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə geniş tərkibli artımlar sonuncu dəfə 2015-2016-cı illərdə baş verib. Ciddi dəyişikliklər isə 2012-2013-cü illərdə qeydə alınıb. İndiki halda rüsumların artırılması isə infilyasiya ilə bağlı məsələlərdir: “Hər bir halda layihənin iqtisadi əsaslarını müəyyən edən şəxslər, bu barədə xalqa izahat verilməlidir ki, bu artım nədən irəli gəlir?" Ümumi məlumat isə budur ki, bu proses ölkədə ümumi infilyasiya ilə bağlı məsələlərdir. Ümumi desək, hər yerdə qiymətlər qalxır və artırılır, burada da qiymətlər qalxır”.

Ərşad Hüseynovun fikrincə, rüsum qiymətlərinin artması göstərilən xidmətlərdə hər hansı bir dəyişikliyin olacağını vəd etmir: ”Qaldı ki, bu rüsum artımının xidmətlərdə bir qalxışa səbəb olacaq, yoxsa yox, hər halda bu barədə bir məlumat yoxdur. Şəxsən mən belə düşünürəm ki,  bir halda ki, bunu infilyasiya ilə bağlayırlar, deməli bu xidmətlərin məzmununda filan bir fərqlilik gözlənilmir”.

Maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, rüsumlarla bağlı dəyişiklikləri islahat kimi qiymətləndirmək olar: “İslahatların davamı kimi növbəti addımlar da nəzərdə tutulur. Bu, maliyyə sanksiyaları və digər büdcədənkənar gəlirlərin formalaşması ilə əlaqədar olan məbləğlərlə bağlı olacaq. Növbəti dəfə artıq o sahələrə də kompleks şəkildə yanaşma metodikasının təkliflərini təqdim edəcəyik”. – deyə nazir müavini bildirib.
Qeyd edək ki, qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR