“Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” - KONFRANS KEÇİRİLDİ

# 17:58
16 iyun 2021

Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfrans keçirilib.

 

APA-TV-nin məlumatına görə, konfransa videoformatda qatılan Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-Azərbaycan münasibətləri baxımından bu konfransın vacibliyini bildirib.

 

Hikmət  Hacıyev qeyd edib ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında NATO-nun aktiv mövqeyini alqışlayır, öz növbəsində, Azərbaycan da sülh naminə əməkdaşlığı dəstəkləyir: “NATO ilə siyasi dialoq və əməkdaşlığın daha da genişləndirilməsini istəyirik. NATO ölkələri ilə davamlı dialoqu yüksək qiymətləndiririk. Bu yaxınlarda NATO-nun Baş Qərargahına səfər etdim, maraqlı, vacib müzakirələrimiz oldu, Cənubi Qafqazdakı münaqişədən sonrakı vəziyyətlə bağlı məlumat verdik. NATO ilə siyasi dialoqla yanaşı, praktik əməkdaşlıq sahəsində də uğurlu əməkdaşlığımız var. Buna misal olaraq Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” layihəsi regionda əlaqələrin genişlənməsi üçün uğurlu nümunə ola bilər. NATO birbaşa müdaxilə etməsə də, regional sabitliyi, təhlükəsizliyi yaxından izləyir və Azərbaycan bunu yüksək qiymətləndirir”.

 

Konfransa videoformatda qatılan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qeyd edib ki, Azərbaycanla NATO arasında əməkdaşlıq davamlı və etibarlıdır. Bu münasibət illər ərzində inkişaf edib: “Biz regiondakı ölkələrin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini dəstəkləyirik. Cənubi Qafqaz regionunda sabitlik, sülh və inkişaf, eyni zamanda, regionun 3 ölkəsi arasında yaxşı münasibətlər görmək istəyirik. Bu, yavaş-yavaş formalaşır. Xüsusilə də Azərbaycan və Gürcüstan arasında münasibətlər təqdirəlayiqdir. Ermənistanla Azərbaycan arasında da belə münasibətlər görmək istərdik”.

 

Hikmət Hacıyev həmçinin Azərbaycanın NATO və Rusiya arasında siyasi dialoqa töhfə verdiyini, Bakıda yüksək səviyyəli görüşlərin keçirildiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin bundan sonra da bu dialoqa siyasi töhfəsini verməkdə davam edəcəyini qeyd edib.

 

Xələf Xələfov,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR