Dərsə gəlməyən şagirdlərə “qayıb” yazdı, şiddətli töhmət aldı

# 14:03
13 aprel 2022

22 ildir Kəlbəcər rayon 108 saylı tam orta məktəbdə fizika müəllimi işləyən Aynurə Məhişovaya direktor tərəfindən heç bir xəbərdarlıq edilmədən töhmət verilib.

 

Aynurə Məhişovanın həmkarları direktorun bu addımını qanunsuzluq hesab edərək, sosial şəbəkələrdə etiraz paylaşımları ediblər. İddia edilib ki, əslində töhmətin verilməsinin səbəbi Aynurə müəllimin dərsə gəlməyən şagirdlərdən  davamiyyət tələb etməsi olub. Bəli, dərsə gəlməyən şagirdlərə “qayıb” yazdığına görə müəllimə töhmət verilib.

 

Aynurə Məhişova deyir ki, direktor Ülkər Quliyeva ona və digər həmkarlarına dərsə gəlməyən uşaqlara “qayıb” yazılmasını qadağan edib.

 

Bundan başqa, məktəbin davamiyyət jurnalı sosial şəbəkələrdə paylaşılıb ki, bu da məktəb rəhbərliyini riqqətə gətirib: “Müəllimlərin problemləri məktəbdə həll olunmadığından onlar da jurnalların şəkillərini paylaşıblar. Bilirsiz, onun davranışı bizi özümüzü kölə kimi aparmağa vadar edir. Mənim etirazım davamiyyətlə bağlıdır. Məktəbin 6-11-ci sinifləri demək olar ki, dərslərə qatılmırlar. Dərsə gəlməyən şagirdlərə “5”, gələnlərə isə “3” yazılır ki, bu da narazılığa səbəb olur. Valideynlər də deyir ki, bizim uşaqlarımıza qarşı haqsızlıq olur. Mən müəllim kimi bu hərəkətlərə etiraz etmişəm. Bu addımıma görə mənə şiddətli töhmət verilib. Amma məktəb direktoru iddia edir ki, güya mən iclasda hay-küy salmışam, buna görə mənə töhmət verib”.

 

Aynurə Məhişova bununla bağlı Təhsil Nazirliyinə və məhkəməyə də müraciət edib.

 

Oxşar hadisə ilə bağlı APA TV-nin qaynar xəttinə Bərdə rayonunun Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Hümmətov Qasım Ramiz oğlu da müraciət edib. Müraciətdə bildirilir ki, 2018-ci ildən çalışdığı məktəbdə tədris bərbad vəziyyətdədir. Belə ki, şagirdlərin adı jurnallarda olsa da, heç ayda bir dəfə də dərsə gəlmirlər. Bununla bağlı Qasım Hümmətov dəfələrlə Təhsil Nazirliyinə müraciət edib. Müraciətdən sonra isə Lənbəran kənd tam orta məktəbininin direktoru Şölə Qasımova onu işdən çıxarmaqla hədələyib: “Deyir ki, məktəb kollektivi səni məktəbdə görmək istəmir. Mən bunların qanunsuz işlərini Təhsil Nazirliyinə çatdırdığım üçün bu addımı atıblar. Şagirdlərin adı jurnallarda, özləri isə hazırlıqlarda. Mən rəhbərliyin təkidinə baxmayaraq, dərsdə iştirak etməyən şagirdə qiymət yazmamışam. Amma digər müəllim yoldaşlarım rəhbərliklə əlbir olduğundan onlar da əleyhimə çıxış edirlər”.

 

Yuxarı siniflərin dərsə davamiyyəti ilə bağlı dəfələrlə yazılıb, hətta sosial şəbəkələrdəki təhsil qruplarında da bununla bağlı mütəmadi olaraq tənqidi fikirlər səsləndirilir. O da iddia edilir ki, bölgədən və məktəbdən asılı olaraq, direktorlar dərsə gəlməyən hər şagirddən illik 1000-3000 manat alırlar.

 

Hər iki problemlə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nə az, nə çox düz üç gün gözlədik. 3 gündən sonra Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, müəllimlər yalan danışırlar, iddiaları tamamilə əsassızdır.

 

Məsələyə təhsil eksperti Kamran Əsədov da münasibət bildirdi. Onun sözlərinə görə, buraxılış imtahanları tez keçirildiyindən 11-ci sinif şagirdləri aprel ayından etibarən dərslərdə iştirak etməkdə maraqlı olmurlar: “Dərsdə iştirak etməyən şagirdə “qayıb” yazdığına görə müəllimə töhmət verilməsi qanunvericiliklə qadağandır. Mövcud qaydalara görə, dərs prosesində şagird 45 dəqiqə iştirak etmirsə, məsuliyyət müəllimin üzərinə düşür. Reallıq bundan ibarətdir ki, hazırda həm Bakıda, həm də bölgələrdə çoxsaylı məktəb direktorları 10-11-ci siniflərin şagirdlərindən pul alır, onların dərsdə iştirak etməməsinə şərait yaradırlar. Yəni şagirdlər həftə ərzində 2, ən yaxşı halda isə 3 dəfə məktəbə gəlib, dərsdə formal iştirak edib, gedirlər. Müəllimlər də onlara qiymət yazmağa məcburdur, çünki məktəb direktorları ilə pul müqabilində razılaşıblar”.

 

Ekspert deyir ki, bu cür hallarla qarşılaşan müəllimlər tərəddüd etmədən məhkəməyə müraciət etməli, pozulmuş hüquqlarının bərpasını təmin etməlidirlər. Onun fikrincə, bu məsələdə mübarizə hüquqi çərçivədə aparılmasa, problem daha da böyüyə bilər.  

 

Sevinc Vaqifqızı,

Xəyal İsgəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR